Bu gün ölkə prezidenti İlham Əliyev idmançılarla görüşdü və öz çıxışında cəmiyyətə Rio de Janeyro oyunlarında əldə olunan yüksək nailiyyətlərimizin İslam Həmrəyliyi Oyunlarında öz təsdiqini tapdığını vurğuladı.
Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov İslamiadanın yekunları ilə bağlı mətbuat konfransında deyib. Azad Rəhimov qeyd edib ki, İslamiadada iştirak edən 54 ölkədən iştirak edən idmançıların 70 faizinin medal qazanması gərgin mübarizə aparıldığının sübutudur: “2 il ərzində hər gün planlaşdırılan əməliyyatlarımız bu günlərdə yüksək səviyyədə baş tutdu. İslam Həmrəyliyi Oyunları tam təhlükəsizlik şəraitində keçirildi. Açılış mərasimində azarkeşlər üçün nəqliyyat vasitələri bir az problemli olsa da, bağlanış mərasimində insanlar vaxtı-vaxtında nəqliyyat vasitəsilə arenaya çatdırıldı. Bizə verilən məlumatlara görə, paytaxtımıza təşrif buyuran qonaqlar və azarkeşlər nəqliyyatdan razı qalıblar. Yayım yüksək səviyyədə həyata keçirildi. Atletlər Kəndində qalan idmançılar onlar üçün yaradılan şəraitdən razı qaldılar. Atletlərin bir qismi biletlərlə əlaqədar hələ də Atletlər kəndində qalıblar. Onlardan gözəl sözlər və təşəkkürlər eşitmişik. Qürur hissi ilə deyə bilərik ki, İslam Oyunları Rio de Janeyroda keçirilən olimpiadadan yüksək səviyyədə keçirildi və Azərbaycan möhtəşəm yarışlar keçirməyə qadirdir. 2020-ci ildə V İslam Həmrəyliyi Oyunları Türkiyədə keçiriləcək. Dünən təntənəli şəkildə bayraq Türkiyəyə ötürüldü”. Nazir yarışlar çərçivəsində Azərbaycana 59 ölkədən turist gəldiyini deyib: “Ümumilikdə 360 min bilet satılıb və bilet satışından 3 milyon manat gəlir əldə olunub”.
İslam Həmrəyliyi Oyunları Federasiyasının koordinasiya komissiyasının üzvü Əşrəf Sayed Dahroug İslamiadanın təşkilatçılığına görə Azərbaycan Prezidentinə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Gənclər və İdman naziri Azad Rəhimova təşəkkür etdi: “2 il müddətində böyük iş görüldü, biz ailə kimi birgə çalışdıq. İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin demək olar hamısı İslam Həmrəyliyi Oyunlarında iştirak etdi. 54 ölkənin İslamiadaya qatılması Allahın lütfüdür. İdmançıların böyük həvəslə yarışa qatıldığının şahidi olduq. Azərbaycanlılar idman oyunları ilə yaxından maraqlanır, İslam dünyasından gələn nümayəndələri gülərüzlə qarşılayırdı. İslamiada yüksək səviyyədə keçirildi. İslam ölkələrinin dünyaya mesajı aydın idi. Bu o idi ki, Azərbaycan mötəbər idman yarışlarını, o cümlədən Olimpiya
Oyunlarını təşkil etməyə qadirdir. Düşünürəm ki, Azərbaycan bundan sonra da islam xalqları arasında həmrəyliyin güclənməsinə çalışacaq".