25 May 2017 21:00
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK Mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanla İsrail arasında təşəkkül tapmış qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

DGK sədri Aydın Əliyev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açıb, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycan Gömrük Xidmətinin İsrailin Gömrük Direktorluğu ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran Komitə sədri bu baxımdan tərəflər arasında 2011-ci ildə imzalanmış sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav respublikamızda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, həqiqətən ölkəmizdə iqtisadi tərəqqinin, hərtərəfli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

İsrail ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan səfir Dan Stav iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər