Teleqraf.com APA-ya istiunadla xəbər verir ki, həmin ərazidə ilkin arxeoloji tapıntılar yol çəkilişi zamanı təsadüfən aşkarlanıb.
Dəmirçi nekropolda əsaslı tədqiqatlara mayın əvvəlində başlanılıb. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə 7-27 may tarixlərində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası professor Qafar Cəbiyevin rəhbərliyi altında 600 kvadratmetrdən artıq sahədə qazıntı işləri aparıb. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirləri aşkar edilib.
Kvadrat formada olan qəbirlərin hamısının divarları çaydaşı və ya əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə iri sal daşlarla qapanıb. Qəbirlərin üst örtüyü kimi istifadə olunmuş sal daşların xeyli qisminin uzunluğu 2 metr, eni 1,5 metr, qalınlığı 10-40 sm, ağırlığı isə 150-300 kq-dan daha artıqdır.
Qəbirlərdə skeletlər sıx və ya zəif bükülü vəziyyətdə olmaqla, sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və rəngarəng çeşidli maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar içərisində keramika məmulatı sayca üstünlük təşkil edir. Bu tapıntılar əsasən tək qulplu, ağzı büzməli formada olan su qablarından ibarətdir. Zoomorf lüləkli, bir neçə qulpu olan müxtəlif ölçülü və formalı məişət qabları da çoxluq təşkil edir.
Daş qutu qəbirlərdə şüşə və metal nümunələr də qeydə alınıb. Metal əşyalar içərisində dəmir silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Tədqiq olunmuş 10 və 11 saylı qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri isə həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır.
Bu, hələlik Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış ən qədim parça nümunəsidir. 10 saylı qəbirdəki skeletin yanına iri dəmir qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və ya toplum içərisində xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.
Bir sıra əlamətlərinə görə abidənin eramızın III-IV əsrlərinə aid olduğu güman edilir. Qeyd edək ki, analoji abidələr Xalqların Böyük köçü dövründə Uzaq Şərqdən tutmuş Şərqi Avropaya qədər türk xalqlarının yaşadığı ərazilərdə geniş yayılıb.