Teleqraf.com-un xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Məlumatda bildirilir ki, "Sınıq Körpü" gömrük postunda yerləşən rentgen qurğusunda Gözəl Bayramlıya məxsus sellofan paketə baxılarkən monitorda şübhəli predmet görüntüsü aşkar edilib, bu səbəbdən ona üzərində və əl yüklərində gömrük nəzarətinə mütləq bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilmiş malların könüllü olaraq təqdim olunması təklif edilib, Gözəl Bayramlı üzərində və əl yüklərində bəyan edilməli olan hər hansı bir malın olmadığını bildirib.
Bundan sonra, Gözəl Bayramlıya məxsus əl yüklərinə baxış keçirilib və əl yükündəki sellofan torbanın içərisindən ümumilikdə 12 min ABŞ dolları məbləğində pul aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Gözəl Bayramlı 26 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə qərarları əsasında Gözəl Bayramlının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonu, Təbriz küçəsindəki mənzillərində axtarış aparılıb və mənzillərdən 1000 avro məbləğində nağd pul, Gözəl Bayramlının adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülüb.
İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib, lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.