BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, iyulun 1-dən 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan istifadə edən sərnişinlər gediş haqqını nağd formada deyil, "Bakı Kart" ilə ödəyəcək. Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədi ilə 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların daxilinə elanlar da vurulub.
Vahid kart ödəniş sisteminə keçidlə əlaqədar, artıq 135 nömrəli marşrut xətti üzrə hərəkət edən 23 ədəd avtobusa validatorlar quraşdırılıb. Həmçinin, avtobusların salonuna nəzarət etməyə imkan verən video müşahidə sistemləri yenilənib.
Bununla yanaşı, sərnişinlərin Bakı Kart əldə etməsi, eləcə də kartın balansını artırmasını asanlaşdırmaq məqsədi ilə marşrut xətti boyunca 6 dayanacaq məntəqəsində "MilliÖn" terminalları quraşdırılır. Həmçinin, dayanacağa BNA-nın xüsusi məlumat lövhələri vurulur.
Xatırladaq ki, hazırda Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 17 müntəzəm 1 ekspress marşrut xətti üzrə 450-dən artıq avtobusda gediş haqqı vahid kart ödəniş sistemi ilə həyata keçirilir.