Teleqraf.com-un məlumatına görə, İmişli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hüseyn İbrahimov bildirib ki, ölkənin hər yerində olduğu kimi, İmişlidə də sosial şəbəkələrdən istifadəyə maraq böyükdür. Bununla vətəndaşlar ictimai həyatda iştiraklarını təsdiqləmiş olurlar. Eyni zamanda dövlət quruculuğu prosesinə dəstək göstərirlər. H.İbrahimov onu da qeyd edib ki, mövcud fəallıq heç də hər zaman effektiv olmur, konkret problemlər nəzərə çarpır: “Bu gün keçirilən dəyirmi masa mənfi təmayüllərə qarşı bir növ səfərbərlik mahiyyəti daşımaqdadır. “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi gerçəkləşdirdiyi layihə ilə sosial şəbəkələrdən istifadə yolu ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək göstərilməsini hədəf seçib”.
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri, “Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək” layihəsinin rəhbəri Əvəz Rüstəmov layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, sosial şəbəkələr söz və ifadə azadlığının mühüm arealı kimi çıxış etməkdədir: “Ölkədə təkcə “Feysbuk”dan isifadə edənlərin sayı 1 milyondan çoxdur. Bu isə o deməkdir ki, sosial şəbəkələr ictimai rəyin formalaşmasında iştirak edirlər, onlar virtual deyil, real məkandırlar. Mövcud məkanın faydalı tərəfləri olduğu kimi, ziyanlı cəhətləri də var. Biz çalışmalıyıq ki, faydalı tərəfləri vətəndaş cəmiyyəti quruculuğuna yönləndirək, sosial şəbəkələrin cəmiyyətdəki rolu pozitiv meyllərlə xarakterizə olunsun. Layihə də məhz bunu rəhbər tutur”.
Ə.Rüstəmov çıxışında esktremal situasiyalar zamanı sosial şəbəkələrdə yaradılan ictimai rəy üzərində dayanıb. “Bəzən elə olur ki, cəbhə xəttində gərginlik yaranan zaman hansısa gənc hərbi texnikanın dislokasiya anını mobil telefonuna çəkir. Əlbəttə, o gənc nəsə ziyan vurmaq istəmir. Ola bilər, onun qanunvericilikdən də xəbəri yoxdur. Hər bir halda həssaslıq şərtdir”, deyə o vurğulayıb.
Layihənin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, Azərbaycanda internet hüquqi münasibətlər sistemində oturuşmuş mövqeyə malik deyil: “Ölkəmizdə müəyyən dövlət sənədlərinə əlavə və dəyişikliklər nəticəsində internetin hüquqi münasibətlər sistemimizdə çəkisi yaradılıb. Həmin əlavələrdə sosial şəbəkələrdə təhqir və böhtanların, yalan məlumatların yayılmasına, saxta adlarla bu və ya digər xoşagəlməz fəaliyyətin gerçəkləşdirilməsinə qarşı məsuliyyət nəzərdə tutulub. Buna görə də cəmiyyət üzvləri sosial şəbəkələrdən istifadə zamanı vacib olan etik davranış qaydalarını qorumalıdırlar. Bu işin isə əsasən də bölgə əhalisi içərisində aparılmasına ehtiyac var”.
Toplantıda çıxış edənlərdən Saatlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramin Nəsirov, gənc fəal Ziya Rzayev və başqaları sosial şəbəkərlərdən istifadə mədəniyyətinin formalaşmasındakı ayrı-ayrı faktorlara nəzər salıblar.
Səxavət