1 İyun 2017 09:23
1 656

Biz ev heyvanlarına bir-iki xırda vərdiş qazandırmaq üçün nə çətinliklər çəkirik... İtlərə narkotikanın, partlayıcı maddənin, qaçaqmalçılıqla gətirilən çayın, tütünün tapılmasını bəs necə öyrədirlər?

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində itlərin təlimini izləmək üçün yolumuzu ordan saldıq.

Kinq, Layma, Monika, Conika, Marinada Reks - it adlarıdır. Onlar sərhəd-keçid məntəqələrinin gözətçiləridir. Narkotik maddə qaçaqmalçılığının aşkara çıxarılması və qarşısının alınmasında xüsusi xidmət göstərirlər.

Dövlət Gömrük Komitəsinin Maştağa-Zabrat şosesində yerləşən və 3 hektar ərazini əhatə edən Kinoloji Mərkəzi 2003-cü il sentyabrın 30-da istismara verilib. 2015-ci il sentyabrın 7-də Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzindən Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzindən Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilir.

75 faiz alman itləri

Mərkəzin rəisi polkovnik-leytenant İlkin Osmanov deyir ki, xidməti itlər axtarış keyfiyyətinə görə seçilib təlimə hazırlanır: “İtlər 7 aylığından 2 yaş yarımlığına kimi seçilir. Seçmə aparılarkən onların axtarış keyfiyyətinə, oyun marağına diqqət yetirilir. Mərkəzdəki itlərin 75 faizi alman itləridir.

İtin cinsinə yox, iş qabiliyyətinə fikir veririk. Əgər xidməti axtarışa uyğundursa, o, təlimə yönəldilir. Nəzəri və praktiki məşğələlərlə birlikdə 3 -4, bəzən hətta 6 aya qədər təlimçinin ixtiyarında olur. İtlərin öyrədilməsi metodu bütün dünyada əsasən oyun üzərində qurulur.

Hazırda gördüyümüz iş narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə öz sözünü deyir. İtlərə oyun metodu əsasında, iy vasitəsilə əşyanın mənbəyini aşkarlamağı öyrədirik. Hər bir itin özünəməxsus ovu, şikarı var. Əvvəldən onların potensialı müəyyənləşdirilir və müvafiq təlimə start verilir”.

Həmsöhbətimiz deyir ki, itlər həyata keçirdikləri əməliyyatı həmişə oyun zənn edirlər. İşin məsuliyyətindən, ciddiliyindən xəbərdar olmurlar. Neçə tonluq bomba tapsa belə, oyuncaq tapdığını zənn edir.

Yəqin bu səbəbdəndir ki, bu itlərə hər şey sevgi ilə, oyun ilə öyrədilir...

Kinoloji Mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim vermək mümkündür. Mərkəzdə həmçinin cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması bölməsi var. Həmin bölmədə 18 it var.

İtlərin ən ağıllısı...

İlkin Osmanov deyir ki, mərkəzin itləri əsasən sərhəd-keçid məntəqələrində işləyir:

”Gündəlik idxal, ixrac olunan əməliyyatlar barədə məlumat alınır, ona uyğun xidməti itlər təlimçilərlə birlikdə sərhəd-keçid məntəqəsində axtarış aparır. Məsələn, Astara Gömrük keçid məntəqəsində gündə 7 baş it öz təlimçisi ilə birlikdə iş saatına çıxır. Məntəqədə onlar üçün standartlara uyğun yerlər hazırlanıb.

İtlərin iynə-dərman pereparatları, yem təchizatı bizim Kinoloji Mərkəzin üzərindədir. İt yaşına, çəkisinə uyğun təlim olunur və yemlənir. Yemdən əlavə digər ərzaqlarda bişirilib verilir. 4 ildir tütün məmulatlarının axtarışı üzrə itlərə təlimlər keçirilir. Bu hesaba kifayət qədər tütün malları aşkar olunub”.

Dünyada 100-dən çox it cinsinə təlim verilə bilir. Ancaq onların arasında “ən ağıllısı” alman çoban iti, holland çoban iti, “Golden Retriever”, “Labrador retriver” və “Cocker” it cinsləri sayılır.

Mərkəzin rəisi deyir ki, 10 dövlətin gömrük orqanlarının kinoloji xidmətlərinə müvafiq göstərişlə təlim görmüş, xidməti axtarış itləri verilib: “Makidoniya, Gürcüstan, Türkiyə, Bolqarıstan, Qırğızıstan, Əfqanıstan və digər ölkələrin kinoloji xidmətlərinin əməkdaşları bizdə kurs keçiblər. Həmin ölkərə itlər hədiyyə edilib.

Bir neçə il bundan əvvəl Makedoniyaya hədiyyə edilən it 20 kq yaxın heroin aşkar edib. Ötən il Seneqalın gömrük xidmətinə 2 baş xidməti it verdik. Həmin itləri fransız dilində öyrətdik. Əsasən “otur”, “axtar”, “yanımda”, “uzan” kimi əmrlər öyrədilir. Öz xidmətimizdə itlərə Azərbaycan dilində təlim keçrilir”.

Mərkəzdə 3 saxlama korpusu, 2 açıq meydança, baytarlıq şöbəsi, kinoloji muzey, kinoloji siniflər, hamam fəaliyyət göstərir.

Təlimçi Polad Mahmudov deyir ki, itlərin təlimi çətin deyil:
“Hər itin öz təlimçisi var. Çünki itlə təlimçi biri-birinə adaptasiya olunmalıdır. Təlimçi hər gün itlərin qidasına, təmizliyinə diqqət yetirir. İtlər hər səhər idmanla məşğul olur və daha sonra istirahət edirlər”.

Mərkəzin 2 böyük təlim meydançası var. Biri itlərin istirahət etməsi üçündür. O birisi xüsusi təlim meydançasıdır. Burada itlər qaçaqmalçıların narkotik vasitəni gizlədə biləcəkləri bütün yerlərdə - çanta, təyyarə, avtomobildə məşqlər keçirlər.

İtin diqqəti yayınsa...

Polad Mahmudov deyir ki, itə daim təlim keçilməlidir: “Adətən, onlara axtarış öyrədirik. Təlim müddəti 3 ay çəkir. Hər itin öz adı olur. İtə ad seçilməsi kinoloqun özünə həvalə edilir. İt axtarışa çıxanda fikri yayınırsa, problem aradan qaldırılana kimi təlimçi onun üzərində işləməlidir. Daimi təlim keçirilməlidir”.

Bu il Astara gömrük-sərhəd məntəqəsində Mimi adlı it maşının mühərrikinin yanından 1 kiloqram 700 qrama yaxın narkotik vasitə aşkar edib. Xaçmaz Gömrük İdarəsində 37 min ədəddən çox tütün məhsulu da itlərin sayəsində tapılıb.

Baytarlıq şöbəsində təlim itləri üçün rentgen, əməliyyat otağı və laboratoriya fəaliyyət göstərir.

Baytar həkim Səbinə Hacıyeva deyir ki, hər səhər itlər yoxlanışdan keçir. Hansındasa problem yarananda baytarlıq şöbəsinə gətrilir. İtlər müayinə olunur, xəstəliklərə qarşı profilaktiv tədbirlər görülür.

Mərkəzin itləri dəfələrlə müxtəlif beynəlxalq yarışlarda da iştirak edib.

...Bəzilərimiz itləri sevir, bəzilərimiz isə onlardan qorxuruq. Bu itlərdənsə çəkinmək lazım deyil. Onlardan yalnız qaçqamalçılar qorxa bilər. Haqlı olaraq...


Müəllif: İlhamə Əbülfət, Elçin Murad
Загрузка...