1 İyun 2017 11:25
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişə zamanı 193 uşaq qətlə yetirilib. Yaralanan uşaqların sayı isə yüzlərlədir.

Teleqraf.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, dövlət münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub: “61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Atəşkəs dövründə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb”.

Komitə sədri qeyd edib ki, ədalətsiz, ikili standartların əsiri olan dünyada körpələrin fəryadını eşidən, onların səsinə səs verən yoxdur: “Ümid etmək istərdik ki, Azərbaycanın bu qaçqın-köçkün övladları yaxın vaxtlarda özlərinin bu gözəl bayramlarını doğma yurdlarında qeyd edəcəklər. Buna dünyanın bütün uşaqları kimi onların da haqqı var”.

Hicran Hüseynova qeyd edib ki, Azərbaycanda 2 milyon 600 minə yaxın uşaq var.


Müəllif: İlhamə Əbülfət