1 İyun 2017 11:46
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş xarici işlər naziri Tofiq Qasımov mənə nəql edirdi ki, 1992-ci ildə Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlara başladıqda İrəvandan mesajlar alırdı. Mesajın mənası bu idi ki, Azərbaycan ordusu hücumu dayandırsın, Ermənistan Dağlıq Qarabağın istənilən muxtariyyət statusuna razıdır.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu daha sonra deyib: “Tofiq Qasımovun sözlərindən anladım ki, o hücuma fasilə verilməsinin və ermənilərlə bölgənin aşağı statusu barədə danışıqların tərəfdarı idi. Çünki durum Azərbaycanın xeyrinə idi. Ancaq ordu ard-arda uğurlar qazanırdı və Tofiq Qasımovdan fərqli olaraq hakimiyyətdə təmsil olunanların əksəriyyəti sona qədər getməyin tərəfdarı idilər. Sonrası bəllidir”.

Mərkəz rəhbərinin fikrincə, Azərbaycan ordusu cəbhə bölgəsində təzyiqi daha çox artırmaqla Ermənistanı 1992-ci ildəki mövqelərinə qaytara bilər: “Əlbəttə, bu qısa zamanda baş verməyəcək. Ancaq son illər Dağlıq Qarabağ ətrafında düşmənin vurulan hərbi texnikası və artan itkiləri işğalçıya onu anlatmalıdır ki, bunun miqyası getdikcə artacaq. Dağlıq Qarabağda hərbi toquşmalar iki ölkənin siyasi, iqtisadi, maliyyə və hərbi potensiallarının müharibəsinə çevrilir. Potensialı çox olanın müsbət nəticəyə ümidi ola bilər. Müharibə maliyyə tələb edir. Hər gün atılan güllələrin və raketlərin, o cümlədən vurulan hərbi texnikanın yenisi alınmalıdır. İşğalçı dövləti hərbiyə daha çox maliyyə xərcləməyə məcbur etmək lazımdır. Əlbəttə, paralel olaraq, ordudakı satqın şəbəkəsinin də axırına çıxılmalıdır ki, uğura yaxınlaşa bilək”.


Müəllif: Səxavət