1 İyun 2017 12:31
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi vətəndaşlar daha qisa zamanda qeydiyyatdan keçməyə çalışırlar. Bu mərhələdə nə zaman qeydiyyatdan keçmək sosial mənzil almaq imkanlarına təsir göstərmir.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sosial evlərə elektron müraciət 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur: “Artıq birinci mərhələ başlayıb və bu zaman sadəcə qeydiyyatdan keçmək tələb olunur. İkinci mərhələdə isə qeydiyyatdan keçən vətəndaşlara mənzil seçimi ilə bağlı müraciət ünvanlanacaq. Məhz bu zaman müraciətə daha tez cavab vermək və mənzili seçmək çox vacib olacaq.

Yəni, birinci mərhələdə tez müraciət vacib olmasa da ikinci mərhələdə “ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək. Bu baxımdan, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımızın daha tez müraciəti olduqca vacibdir”.

Ekspert qeyd edib ki, sosial mənzilə sahib olmaq istəyən vətəndaşların hammısının qeydiyyatdan keçməsinə ehtiyac var: “Hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var. Eyni zamanda, ilk il 2 minə yaxın sosial mənzil təklif ediləsə də, sonrakı illər hər il 3 min güzəştli mənzilin satılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, sosial mənzil almaq üçün indi şəxsi kabinet yaradıb hətta gələcəkdə də bu hüquqdan faydalanmaq olar”

Qeyd edək ki, may ayının 30-dan Bakıda ucuz — sosial evlərə qeydiyyat başlayıb. "Güzəştli mənzil" sistemi vasitəsilə müraciətlərin qeydiyyatı elektron hökumət portalında olacaq.

Sosial mənzil almaq üçün "Elektron hökumət" portalında yerləşən "Güzəştli mənzil" sisteminə daxil olmaq üçün keçid də təqdim olunub. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq.

Vətəndaşlar Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərlər.

Bu layihə çərcivəsində ilk bina Yasamal rayonunda inşa edilir. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq. Kompleksdə mənzillər 1-2 və 3 otaqlıdır. Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq. Binalar 9-12 mərtəbə olacaq. Burada mənzillərin 16%-i 1 otaqlılar, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.


Müəllif: Şəfiqə Nazimqızı