1 İyun 2017 15:11
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox boşanmış ailələrdə böyüyən uşaqlar ya atılırlar, ya da zorakılığa məruz qalırlar.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Usaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli deyib.

Onun sözlərinə görə, hazırda mərkəzdə 31 uşaq yaşayır: “Hər birinin fəqrli həyat hekayəsi var. 14 yaşlı Rafiq İsayev (ad şərtidir-red.) Beynəlxalq Avtovağzal Kompleksində polis tərəfindən aşkarlanıb və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətirilib. Səhhətində müəyyən problemlər var.

Hazırda müalicə və müayinəsi davam etdirilir. Uşaq ailəsi tərəfindən zorakılıq gördüyünü bildirdi. Biz onun ailəsini axtardıq. Məlum oldu ki, ana və ata boşanıblar. Bir çox ailələrdə olduğu kimi boşanmış ailələrdə böyüyən uşaqlar ya atılırlar, ya zorakılığa məruz qalır, yaxud başqalarının himayəsinə atılıb gedirlər. Təbii ki, bu da düzgün tərbiyə metodu deyil”.

Ekspert qeyd edib ki, bəzən valideyn boşanandan sonra ovlad onlar üçün heç bir əhəmiyyət kəsb etmir: “Təəssüf ki, dünyaya gətirdikləri uşaqların fərqinə varmırlar. Hər bir uşaq dəyərlidir. Onları qorumaq borcumuzdur”.

Qeyd edək ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.


Müəllif: İlhamə Əbülfət