1 İyun 2017 17:42
1 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə istintaqı başlanıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Barat Abdullayev ifadə verib.

O, bildirib ki, Təyminə Abdullayevə ilə 1990-ci ildə ailə həyatı qurub: "Onunla birgə nikahımızdan 14 yaşlı oğlan övladımız var. Arvadım mənə məxsus dəyəri 890 min manat olan mənzilini dələduzluq yolu ilə satıb".

Barat Abdullayevin sözlərinə görə, Təyminə ilə 26 illik evliyi dövründə münasibətləri hər zaman yaxşı olub: "Təyminə heç vaxt məndən xəbərsiz bir iş görməzdi. Onun kiməsə borcu olduğuna da inanmazdım. Olsaydı mənə deyərdi. Sonradan bildim ki, Təyminənin kimlərəsə uzun müddətdir borcu varmış.

Həyat yoldaşım və övladım ilə birgə yaşadığım mənzil Nizami küçəsində yerləşir. Həmin mənzili birgə nikah dövründə almışıq. Həmin vaxt mən tez-tez işimlə əlaqədar xarici ölkələrdə olurdum. Ona görə də ev Təyminənin adına rəsmləşdirildi. Sonradan xəbər tutdum ki, Təyminə evi lizinq şirkətinə qoyaraq pul götürüb. Bunun səbəbini soruşanda Təyminə gözəllik salonu aldığını dedi. Pulu da tanış olduğu Səkinə adlı qadına verdiyini bildim.

Lizinq şirkəti evə görə Təyminəyə 110 min manat pul verib. Sonra düşdüm getdim gözəllik salonuna baxaq. Adı çəkilən gözəllik salonu Əhmədlidə idi. Həmin yerə girdim, məlum oldu ki, salon Səkinənin deyilmiş. Səkinəni axtarsaq da, tapa bilmədik".

Barat Abdullayev qeyd edib ki, həyat yoldaşı tərəfindən aldadılıb: "Həmin mənzil mənim pulumla alınıb. Amma satılanda mənim xəbərim olmayıb. Araşdırma apardım. Məlum oldu ki, Təyminə şəxsiyyət vərəqəsində subay yazdıraraq mənzilimizi lizinq şirkətinə girov qoydurub. Bu hadisələr olan zaman həmin mənzildən çıxmışam. Amma Təyminə orda yaşayırdı. Özümə məxsus, kişi üçün olan qızıllarımı istədim. Qızıllarımın da olmadığı məlum oldu. Ona aldığım qızılları heç tələb etmirəm".

Təyminə Abdullayevanın vəkili Janna Bağırova bildirib ki, həmin mənzil birgə nikah dövründə alındığı üçün mülkdə Təyminənin də hüququ olub: "Məhkəmə qətnaməsi var. Ev yarı bölünür. 890 min demirsiniz, demək, o evin 445 mini Təyminə Abdullayeva məxsusdur"

Bu zaman zərərçəkmiş şəxsin nümayəndələri və təqsirləndirilən şəxsin vəkilləri arasında mübahisə yaranıb. Nümayəndələr elə adda bir qətnamənin olmadığını deyiblər. Hakim hər iki tərəfi sakitləşdirib.

Təyminə Abdullayevin digər vəkili Vasif İsrafilovun birgə nikah dövründə neçə adda əmlaklarının olduğunu suallına Barat Abdullayev cavab verməkdən imtina edib.

Bu zaman Vasif İsrafilov Barat Abdullayevin 14 adda əmlakların olduğunu və bunlardan ikisinin məhz Təyminə Abdullayevanın adına rəsmiləşdirildiyini bildirib.

Növbəti proses iyunun 7-də davam edəcək.

İttihama görə, Təyminə Abdullayeva ötən il iyunun 21-də polis tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib. O, biznesmen olan həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında həbs edilib. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb, pulunu ələ keçirmək məqsədilə şəxsiyyət vəsiqəsini saxtalaşdırıb.

Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirib, ona 890 min manat məbləğində ziyan vurub.

Təqsirləndirilən şəxs isə bildirib ki, Əhmədli metrosunun yaxınlığında yerləşən "Vesta" Gözəllik Salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonun sahibi kimi təqdim edərək oranı Təyminə Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. Səkinə İsmayılovanın təklifi əsasında Təyminə Abdullayeva evini girov qoyaraq "Faktor Lizing" MMC-dən kredit götürüb, həmin obyekti almaq qərarına gəlib.

Sənədlər imzalanarkən aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınması və pulu yarısının Səkinənin ödəməsinin qeyd olunduğunu bilib, digər sənədləri imzalamaqdan imtina edib.

MMC bir neçə ay sonra Təyminə Abdullayevaya pul ödəmədən evi Səkinə İsmayılovaya satıb.

Cinayətdə adı keçən Səkinə İsmayılova bir müddət əvvəl saxlanılar barəsində həbs qətimkan tədbiri seçilərək həbs edilib.

Xatırladaq ki, hazırda Səbail rayon Məhkəməsində Barat Abdullayev və Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmələri davam edir.


Müəllif: Hacı Zeynalov