1 İyun 2017 18:27
1 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, millət vəkili Qənirə Paşayeva antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunması təkilifi ilə çıxış edib və bu məsələnin təcili şəkildə öz həllini tapmasının vacib səbəblərini xüsusi vurğulayıb.

Dünyanın bir çox inkişaf etmiş ölkələrində antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunduğunu deyən Q.Paşayeva antibiotiklərin nəzarətsiz qəbulunun törətdiyi dəhşətli fəsadlar və onların ölkəmizdə getdikcə daha da artmasını xüsusi vurğulayıb. Əhalinin bu məsələ ilə bağlı geniş marifləndirilməsinə böyük ehtiyac olduğunu qeyd edən millət vəkili əhaliyə və apteklərə çağırış edib:

”Bəzi insanlar özü və ya ailə üzvləri, uşaqları bir az soyuqlayan kimi, qızdırması olan kimi apteklərə gedib tez sağalmaq üçün antibiotik alırlar. Bəziləri qonum-qonşusunun tövsiyyəsi ilə yaxşı təsir edir hansısa antibiotiki alır və ona lazım olub-olmadığının, dozasının fərqində olmadan istifadə edir. Bölgələrdə bir sıra aptek işçiləri və ya ali tibb təhsili olmayan şəxslər də belə məsləhətlərdə, təəssüf ki, çox fəal olurlar. Antibiotikdən bu cür istifadənin ağır nəticələrini isə bir az sonra həmin insan ya özü, ya da ailə üzvləri çəkir. Eşitməsində ciddi problem yaşayan uşaqların ailə üzvləri ilə danışanda bəziləri ağlayaraq öz əlləri ilə uşaqlarına zərər vurduqlarını, antibiotikin doğru istifadə edilməməsinin necə fəsadlar yaratdığını deyirlər. Amma təəssüf ki, ağır fəsadı aradan qaldırmaq sonra çox gec olur. Ona görə insanlarımızı qorumaq üçün antibiotiklərin həkim resepti olmadan satılması tam qadağan edilməlidir və xahiş edirəm ki, Səhiyyə Komitəsi bu məsələyə böyük diqqət ayırsın. Ayrıca mətbuat və media ilə əhalinin bu istiqamətdə geniş marrifləndirilməsi üçün iş aparmalıyıq”.

Dünyanın inkişaf etmiş ölkələrində bu istiqamətdə görülən işlər, mütəxəssislərin fikirləri barədə danışan Q.Paşayevanın bu təklifini millət vəkili həmkarları və komitə sədri, akademik Əhliman Əmiraslanov da dəstəkləyib. O bildirib ki, antibiotiklərdən doğru istifadə edilməməsi böyük faciələrə yol açır və bir sıra dünya ölkələri bununla bağlı ciddi nəzarət mexanizmlərini həyata keçirir. “Ölkəmizdə də həkim resepti olmadan antibiotiklərin satılmaması doğru yanaşmadır və komitə olaraq bu məsələni diqqətdə saxlayacağıq”, - akademik bildirib.


Müəllif: Teleqraf.com