2 İyun 2017 00:12
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media və Mülki Cəmiyyət İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaşların müraciətlərinə baxılması istiqamətində sosial-hüquqi maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Salyan şəhərində “Əhalinin sosial-hüquqi maarifləndirmə-məlumatlandırma işinin təşkilində QHT və KİV-lərin rolu” mövzusunda ictimai müzakirə keçirib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, dövlət qulluqçuları, vətəndaşlar, QHT və KİV nümayəndələrinin iştirak etdiyi ictimai müzakirədə vətəndaşların sosial hüquqi maariflənməsi, sosial hüquq pozmalarının qarşısını almaqda, hüquqlarının qorunmasında vətəndaşlara yardım göstərilməsi və sosial-hüquqi maarifləndirmə-məlumatlandırma işinin təşkili yolları müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov həyata keçirdikləri layihədə Bakı şəhəri, Salyan və Neftçala rayonlarında vətəndaşların ərizə və müraciətlərinə baxılması vəziyyəti, vətəndaşlara sosial hüquqların təmin edilməsi məqsədilə hüquqi məsləhət xidmətlərinin göstərilməsi, eləcə də maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkilinin nəzərdə tutulduğunu bildirib.
Layihə rəhbəri qeyd edib ki, vətəndaşların bir çox hallarda Konstitusiyanın bizə verdiyi hüquq və azadlıqlar haqqında məlumatlarının yetərincə olmaması, bu sahədə maarifçiliyin lazımi səviyyədə aparılmaması, təhsil, sağlamlıq, yaşayış, nikah, mənzil, əmək, prezumpsiya və digər mühüm hüquqlarımızın pozulması faktlarını artırır. Bölgələrdə yaşayan əhalinin müəyyən bir qisminin ali təhsilli və ya hüquqi cəhətdən savadlı olmamaları, hətta, dövlət orqanlarına məktub və ərizələrlə necə müraciət etməyi belə bilməmələri, bir çox hallarda onları hüquqlarının arxasınca getmək fikrindən daşındırır, “reallıqla hesablaşmağa” sövq edir: “Bu mənada əhalinin sosial-hüquqi maarifləndirmə-məlumatlandırma işinin təşkilində vətəndaş cəmiyyəti institutlarının və KİV-lərin rolu çox böyükdür”.

Mövzu ilə bağlı məruzə ilə çıxış edən hüquqşünas Mirəli Hüseynov bildirib ki, Azərbaycanda vətəndaşların öz hüquqları barədə yetərli səviyyədə məlumatlı olmaması onların öz problemləri ilə lazımi şəkildə məşğul olmamasına gətirib çıxarıb. Vətəndaş təşəbbüslərinin bu sahədə zəif olması, icra strukturlarında işləyən bəzi məmurların özbaşınalığı ölkədə vətəndaş cəmiyyətinin qurulmasına və onun tərkib hissələrindən biri olan insan haqları məsələsinə əsas maneələrdən biri hesab edilir. Regionlarda insanların öz hüquqları barədə təsəvvürləri kifayət qədər aşağı olmaqla yanaşı, həm də onların bu hüquqlarla bağlı dolğun məlumat almaq imkanları yoxdur. Məhz bu səbəbdən də əyalətlərdə yaşayan insanlarımız insan haqları məsələsində ciddi sıxıntılar yaşayır və problemlərinin həllində öz hüquqlarından istifadə edə bilmirlər. İnsan haqları məsələsi ilə bağlı əhali ilə lazımi səviyyədə əlaqələrin qurulmaması, KIV-lərdə problemin mahiyyəti barədə yetərli səviyyədə təbliğatın aparılmaması nəticədə həm cəmiyyətin maarifləndirilməsinə mane olur, həm də onlarda insan haqları sahəsində yaşanan problemlərin aradan qaldırılması məsələsinə inamsızlığı yaranır.

Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi Aqşin Babayev deyib ki, vətəndaşların müraciətlərinə baxılmasının keyfiyyət səviyyəsi nəticə etibarilə vətəndaşların dövlətə münasibətinin formalaşmasında həlledici amilə çevrilir. Hər bir dövlətin sivil inkişafı və güclü dövlətə çevrilməsi, ilk növbədə, qanunların aliliyinə xidmət edən hüquqi dövlət quruculuğundan asılıdır: “Bu sadaladıqlarım, cənab Prezidentin diqqət verdiyi mühüm məsələlərdəndir. Cənab Prezident bu məsələnin əhəmiyyətini nəzərə alaraq mütəmadi olaraq məmurlara vətəndaşlara xidmətin keyfiyyətini yaxşılaşdırmağı xatrırlatmağı özünə borc bilir. Çünki bu cür idarəetmə vətəndaşların ehtiyaclarının, onların istək və arzularının daha effektiv təminatına zəmin yaradır”.

Digər çıxışçılar da öz çıxışlarında məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının vacibliyindən danışıblar. Onların fikrincə, məmur-vətəndaş münasibətlərinin xarakterinin ümumilikdə cəmiyyətin əhvali-ruhiyyəsinə, cəmiyyətdə sabitliyin təmin edilməsinə, vətəndaşların öz dövlətinə inamına əhəmiyyətli dərəcədə təsir göstərir.

Səxavət


Müəllif: Teleqraf.com