1 İyun 2017 22:58
229

Respublika Günü Azərbaycanın milli təqvimində ən mühüm dövlət bayramlarından biridir. 1918-1920-ci illərdə 23 ay ömür sürmüş Azərbaycan Demokratik Respublikası (ADR) müsəlman şərqində yaradılmış Avropa modeli üzərində qurulmuş ilk demokratik ölkə olub.

Belçika ADR-in müstəqilliyini de-fakto tanıyan ilk ölkələrdən biri olub və tez bir zamanda burada diplomatik nümayəndəlik yaradıb. Təəssüf ki, ADR-in uğuru qısa müddətli olub və 1920-ci ildə ölkə Qırmızı Ordu tərəfindən işğal edilib.

Sovet İttifaqının süqutundan sonra – 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazanıb. Həmin ilin dekabrln 31-də Belçika Krallığı rəsmi şəkildə ADR-in varisi olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. 1992-ci il fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlər qurulub.
Respublika Günü və Belçika-Azərbaycan münasibətlərinin 25 illiyinə həsr olunan tədbir mayın 30-da Brüsselin mərkəzində yerləşən BOZAR çoxşaxəli incəsənət mərkəzində baş tutub. Azərbaycanın Belçika və Avropa İttifaqı yanında missiyası, Azərbaycanın NATO-dakı missiyası, eləcə də Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisi ilə birgə təşkil edilmiş tədbirdə 300-ə yaxın diplomat, ölkəmizin dostları və diaspor fəalları iştirak edib.

Azərbaycanın Belçika Krallığındakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov bildirib ki, 99 il bundan əvvəl – 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan edib: “Bu, şərqdə yaranan ilk demokratik respublika olub. Tarixi hadisələr baxımından bu, çox maraqlı bir dövr idi. Burada müsəlman, yəhudi, katolik və pravoslav xristianlar birgə, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayırdı. Ölkə azərbaycanlı, rus, erməni, ukraynalı, tatar və digər millətlərin doğma evi olub.

Biz bu axşam konsert təşkil etmək qərarına gəldik. Ona görə ki, musiqi bütün insanların ən effektli şəkildə anladığı bir dildir. Mən Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinə bu tədbirin təşkilində göstərdikləri dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm”.

Belçika Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlər üzrə baş direktoru Anik Van Kalster bugünkü tədbirin musiqili olacağını bildirib. O qeyd edib ki, bu, insanlar arasında ünsiyyət qurmağın mükəmməl yoludur: “Musiqi mükəmməl açıqlıq, azadlıq, ünsiyyət və yaradıcılıq vektorudur. BOZAR mərkəzinin inşasına səbəb olan əhval-ruhiyyə təqribən eyni zamanda Bakıda da mövcud idi və həmin dövr müəmmalı məşhur Qurban Səidin “Əli və Nino” əsərində təsvir edilir. Azərbaycan keçmiş Sovet İttifaqı respublikaları arasında Belçika ilə diplomatik münasibətlər quran ilk ölkələrdən biri olub”.

Tədbirin musiqili hissəsində Belçikada yaşayan azərbaycanlı pianoçu Nəzrin Əfəndiyeva belçikalı bəstəkar Yolande Uyttenhovenin “Chiron” və babası, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun bəstələdiyi “Vals” simfonik əsərlərini ifa edib.

Respublika Gününə həsr olunan qəbul pianoçu Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik” Caz qrupunun konserti ilə yekunlaşıb.

Səxavət


Müəllif: Teleqraf.com
Загрузка...