2 İyun 2017 12:32
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın müxalif “Zaman Al Vasel” veb səhifəsində dərc edilən məlumatda son dərəcə ciddi bir məqama toxunulub. Məlumata əsasən, Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənədə görə, Əsəd hakimiyyəti İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsini istəyib.

Bunu Teleqraf.com-a açıqlamasında “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu bildirib.

V.Zifəroğlu qeyd edib ki, indiyədək bu ödənişlərin yalnız İran tərəfindən deyil, eyni zamanda “Hizbullah” və Suriyanın mövcud iqtidarı tərəfindən həyata keçirildiyi məlum idi: “Göründüyü kimi, indi isə bu qruplaşmaların maddi cəhətdən təminatı məsələsinə yalnız rəsmi Tehran cavabdehlik daşıyacaq. Əslində belə bir dəyişikliyin ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq səfəri və Səudiyyə Ərəbistanı ilə münasibətlərin kəskinləşməsi fonunda baş verməsi təsadüfi sayıla bilməz. Bu, İranın “Birləşmiş Şiə Qurtuluş Ordusu”nu yaratmaqla Yaxın Şərqdə baş verən münaqişələrdə yeni siyasi-məzhəbsəl hərbi güc qoymaq və nüfuzunu genişləndirmək niyyətindən xəbər verir”.

Siyasi şərhçi bildirib ki, hazırda Suriya, İraq və Livanda gerçək güc olan Tehranın Yəməndə, daha sonra isə Bəhreyndə məhz formalaşdırılacaq yeni gücün dəstəyi ilə böyük avantaja sahib olmaq şansı var: “Lakin bu addım eyni zamanda heç şübhəsiz ki, regionda məzhəblərarası münaqişələrin artmasına da səbəb olacaq”.

Qeyd edək ki, “Zaman Al Vasel”də dərc edilən məlumata əsasən, Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənəd Bəşər Əsədin buna göstəriş verdiyini təsdiqləyir. İndiyədək şiə yaraqlılara İran, “Hizbullah” qrupu və ya Suriya hökuməti nağd pul ödəyirdi. Adının açıqlanmasını istəməyən Suriya rəsmisinin “Amerikanın səsi”nə bildirdiyinə görə, gələcəkdə şiə yaraqlıların məvacibləri yalnız İran tərəfindən ödəniləcək.

Digər təhlilçilər də bildirir ki, İran hökuməti “Birləşmiş Şiə Qurtuluş Ordusu”nu yaratmaqla Tehranın Yaxın Şərqdə münaqişələrdə siyasi və hərbi rolunun məzhəb əsasında genişəndirmək istəyini ortaya qoyur.

“Şiə məzhəbinin adından istifadə edərək yaradılan yeni ordu regionda təriqətlər arasında gərginliyin artmasına gətirib çıxaracaq” deyə Ekseter Universitetinin Strategiya və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Talha Əbdulrazaq “Amerikanın səsi”nə bildirib. O, İranın özünü regional və ya hətta imperialist bir güc kimi göstərmək istədiyini deyib.

Ordunun yaradılmasının əsas məqsədi ərəb ölkələrində döyüşlərdə iştirak etməkdir. Ordu sıralarına əsasən, regionda İrandan olmayan şiə müsəlmanlar götürüləcək.

“Məşriq” xəbər agentliyinə müsahibəsində İranın elitar inqilab qvardiyasının lideri Məhəmməd Əli Fələki deyib ki, yeni ordu üç cəbhədə fəaliyyət göstərir: Yəmən, Suriya və İraq. O bildirib ki, yeni ordu Suriyada Livan, Suriya, İraq və Pakistandan olan döyüşçülərdən ibarət şiə qüvvələrə rəhbərlik edir.


Müəllif: Səxavət