2 İyun 2017 15:34
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verilib.

Bu barədə Teleqraf.com-a Əfqan Muxtarlının vəkili Osman Kazımov bildirib.

Vəkil qeyd edib ki, apelyasiya şikayətində Səbail rayon Məhkəməsinin qərarının ləğv edilməsi istənilib. Şikayət bu gün Bakı Apelyasiya Məhkəməsinə təqdim ediblər.

Mayın 31-də Səbail rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılarkən Əfqan Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Əfqan Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov