2 İyun 2017 22:24
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərsu" ASC Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Nazirlər Kabinetinin sərəncamından irəli gələn vəzifələrin icrasına başlayıb.

"Azərsu" ASC-dən Teleqraf.com-a verilən məlumata görə, sərəncama əsasən, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsindən dövlət müəssisəsinə 14,7 mln. manat vəsait ayrılıb. Bu vəsait hesabına Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq layihələr üzrə tikinti-quraşdırma işlərinə başlanılıb.

"Azərsu" ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bildirib ki, Abşeron yarımadasında bir sıra göllərin su səviyyəsinin tənzimlənməsi nəzərə alınıb.

Bu ilin payız mövsümünə qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq, göllərin daşması və yaşayış evlərinə ziyan vurması kimi təhlükələr aradan qaldıracaq.

İcra olunacaq layihələr:

- Ziya Bünyadov prospekti boyu kollektorun tikintisi;
- Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi;
- Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi;
- Binəqədi şosesi boyu kollektorun tikintisi;
- Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi;
- Sabunçu rayonu ərazisində kollektorun tikintisi;
- Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi;
- Daşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi;
- Sabunçu rayonu “Şuşa” şəhərciyinin ətraf ərazilərində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi;
- Ramana Südçülük Sovxozunun ərazisində yağış suları kollektorunun tikintisi;
- Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu yağış suları kollektorunun tikintisi;
- Xətai rayonu Yusif Səfərov küçəsi boyu yağış suları kollektorunun tikintisi;
- Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi.

İlhamə Əbülfət


Müəllif: Teleqraf.com