5 İyun 2017 11:38
540

Metro xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə sərnişinlərin diqqətini çəkəcək qatar buraxılıb.

“Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyətindəndən Teleqraf.com-a verilən məlumata görə, ön hissəsi yenilənən, əvvəlkilərdən tamamilə seçilən bu qatarda bir sıra yeniliklər elə ilk baxışdan görünür.

Ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr olunub. Qatar boyunca pəncərə səviyyəsində yarıməsrlik yubiley üçün hazırlanmış xüsusi fərqləndirici loqotiplər yerləşdirilib.

Maşinist kabinasının ön hissəsində Azərbaycan Respublikasının dövlət bayrağı əks olunub. Giriş qapıları arasında pəncərə altı orta zolaqda isə "Yarım əsr xidmətinizdə" devizi yer alıb.

Son vaxtlar Bakı metropoliteninin loqotipinin əks olunduğu yeni tipli antivandal plastik oturacaqlar yeni təmirdən çıxmış qatarda yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib. Bütün bunlar ötən illər ərzində daim yüksək səviyyədə mədəni xidmət göstərmiş və sərnişinlərin etimadını qazanaraq bu illər ərzində onlara doğma olmuş Bakı metropoliteninin yubileyini sərnişinlərə xatırladacaq.

Yeniliklər təkcə bununla bitmir. Qatarın ön hissələrinin fərqli dizaynı da diqqət çəkir. Ön hissələri dəyişdirilən əvvəlki qatarlardan fərqli olaraq, bu qatarın işıqlanması müasir işıqdiodlu sistemlə təchiz olunub.

Marşrut monitoru tam elektron sistemlə işləyir. Burada istiqamət göstəricisi qaçan sətirlə verilir, marşrutun say göstəricisi də elektron tabloda əks olunub. Bu isə qatarların marşrutunun avtomatik dəyişdirilməsinə xidmət göstərir.

Qatarda yeniləşmə bununla bitmir. Əvvəllər xəbər verildiyi kimi, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi qatarların yerli şəraitdə orta və əsaslı təmirinin təşkili ilə bağlı araşdırma apararaq bunun daha səmərəli olacağını müəyyən edib. İlk növbədə, əsaslı təmir üçün Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialına göndərilən qatarların yerli şəraitdə təmiri külli miqdarda vəsaitə qənaət deməkdir. Qatarın yerli şəraitdə təmiri həm də perspektiv baxımından metropolitenə yeni üfüqlər açır. Hələlik qatarların yerli şəraitdə təmiri "Nərimanov" elektrik deposunda bu məqsədlə ayrılmış xüsusi sahədə yerinə yetirilir.

Mövcud təlimat tələblərinə görə, 3 saylı cari təmirə dayandırılmış qatarlarda texniki tələblərə uyğun müvafiq yeniliklərlə yanaşı, qatarın elektrik sisteminin, vaqonların sərnişin salonunun plastikasının və oturacaqlarının tamamilə yenilənməsi, vaqonların korroziyadan tam təmizlənərək rənglənməsi, eləcə də müəyyən mümkün modernləşdirmə işləri aparılır. Lakin yaxın vaxtlarda qatarların əsaslı təmiri sahəsinin inşası başa çatdırılaraq, burada daha mürəkkəb işlərin, ən əsası, qatarların modernləşdirilməsinin həyata keçirilməsi mümkün olacaq.


Müəllif: İlhamə Əbülfət
Загрузка...