17 İyul 2014 17:54
1 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacı İsmayılov: “Telmansız ləzzət eləmir”

Suğra Bağırzadə: “Onu çox sevirdim”

Özünün təbirincə desək, Telman Adıgözəlov Stalini öldürüb dünyaya gəlib. 1953-cü ilin elə bu günündə Balakəndə doğulub. Əziyyətli uşaqlıq yaşayıb. Dördüncü sinifdə oxuyanda ailəlikcə Bakıya köçüb.
Deyirdi ki, sənət yolu məktəbdə dərsdən qaçmağımdan başlayıb. Çünki xoş təsadüf elə dərsdən qaçdığı günlərin birində baş verib. Müsahibələrinin birindən : “Bir gün dostum Vahidlə dərsdə oturmaq əvəzinə qaçıb kinoteatrın yanında ora-bura veyillənirdik ki, vaxt tamam olsun, kinoteatrda gedən fransız filminin növbəti seansına girib baxaq. Bir kişi yaxınlaşıb əlini çiynimə qoydu. Və dedi ki, məni televiziya tamaşasına çəkmək istəyir. Sonradan bildim ki, bu adam rejissor Nazim Zeynalovdur. Nazim müəllim məni “Evrika” verilişində fantastik səhnələrə çəkdi. Bundan sonra “Yasəmən” televiziya teatrında mütəmadi çəkilməyə başladım”.

Dəblə geyinir, uzun saç buraxırdı...

Artıq yeddinci sinifdə oxuyanda Adil İsgəndərovun rəhbərlik etdiyi kinoaktyor studiyasına qatılır. Məktəbi qurtarandan sonra sənədlərini İncəsənət İnstitutuna verir və daxil olur. Uğurlu başlayır bu yola. Elə “Azdrama”nın səhnəsinə də tez gəlir. Tələbə ikən Tofiq Kazımovun dəvəti ilə teatrın iki tamaşasında baş rolda oynayır. Amma ardı gəlmir. Arzu və istəyi yarıda qalır. Nə var ki, dəblə geyinir, uzun saç buraxır, cins şalvar geyinir və bununla da onu çoxlarının gözü götürmür. Deyirdi ki, elə bu səbəblərə görə günlərin bir günü onu teatrdan uzaqlaşdırırlar. Sonra onun həyatında başqa bir dövr başlayır. O onu tragikomik aktyor kimi kəşf edən rejissorunu tapır. Bu rejissor Vaqif İbrahimoğlu idi. Aktyorun etiraflarından: “Vaqif İbrahimoğlu mənim sənət haqqında görüşlərimi, düşüncələrini alt-üst edib. Onunla çox uzun illər işləməsəm də özümü onun aktyor məktəbinin tələbəsi sayıram”. Yenə qayıdır teatra və 7 il ona rol verilmir: “7 il ömrümü aldılar. Kiminsə kimdən xoşu gəlirdi deyə ona rol verirdi. Mən də olmuşdum düşmən”,-deyirdi aktyor.

Görəsən, nə deyərdi...

Son müsahibələrində o şikayətlənirdi, gileylərini dilə gətirirdi. Bunların içərisində “Azdrama” repertuarından, dekorasiyasından, yaxşı pyeslərin olmamasından tutmuş, aktyor kimi potensialının kəşf edilməməsi var idi. İnanırdım ki, oynamaq istədiyi rollar qarşıda, sabahkı gündə dayanıb. “Elə buna görə də yekun söz söyləməkdən özümü saxlayıram”. Gec evlənir. 30 yaşında. Bu evlilikdən bir oğlu, bir qızı olur. Qızının toyunu görmək qismət olmur ona. 2010-cu il aprelin 15-də 57 yaşında ürək çatışmazlığından vəfat edir böyük aktyor.

Maraqlıdır, görəsən, o, özü nə deyərdi, adına layiq şəkildə vida mərasiminin təşkil olunmamasına. Görəsən, nə deyərdi...Amma bəlkə yenə heç kimin ünvanına pis söz deməzdi. Sükutunu pozmazdı, dərin-dərin düşünərdi. Onu sevindirən yalnız bir şey olardı- çox sevdiyi tamaşaçıları bu gün də onu yalnız buraxmayıblar. Tamaşaçı izdihamı hər aktyora qismət olmur və hər aktyor tamaşaçılar tərəfindən o cür məhəbbətlə sevilmir.

Əgər sağ olsaydı bu gün Telman Adığözəlovun 61 yaşını qeyd edərdi. Hərçənd, doğum günlərini qeyd etməyi heç sevməzdi. Teleqraf.com bu gün onun sənət dostlarını danışdırdı. Onların xatirələri, sözləri ilə Telmanlı günlərə səyahətə çıxmaq üçün...

Əməkdar artist Əjdər Həmidov: “Onu unutmaq asan deyil. Hər məşqdə, hər çayxanada oturanda onu xatırlayırıq. Telman həyatda çox şirin, məzəli adam olub. Onunla söhbət etmək insana ləzzət edirdi. Ondan çox xatirələr qalıb. Bu gün inana bilmirəm ki, Telman yoxdur. Elə bilirəm Telman harada olsa, yenə məşqə gələcək, mənimlə səhnəyə çıxacaq. Təəssüf ki, aramızdan çox cavan getdi. Yaxşı insan, yaxşı aktyor, yaxşı sənətkar idi. Telman xalq artisti adına qədər yüksəlmişdi, prezident mükafatı alırdı. Həyatda nə edibsə, öz ağlının, istedadının gücünə edib. Elə adamları hər zaman alqışlamışam. Və elə adamlar heç vaxt şikayət etmirlər”.

“Saqqal, bığ qoymuşdular ona”

Xalq artisti Hacı İsmayılov: “Telmanla dostluğumuzun tarixçəsi Akademik Dram Teatrından başlayıb. Biz uzun illər dost olmuşuq: Telman, Səməndər Rzayev, mən. Rayonlara getmişik, qastrol səfərlərində olmuşuq. Telman maraqlı bir insan, incə yumora malik aktyor idi. Onun ilk rolu yadımdadır: “Nişanlı qız” tamaşasının sonunda təzə evə köçənlərdən biri kimi səhnəyə çıxır. Özü cavan oğlan idi, amma yaşlı birini canlandırırdı. Roluna uyğun olaraq saqqal, bığ qoymuşdular ona. Deyə bilmərəm ki, teatrda Telmanın potensialından tam olaraq istifadə etdilər. Onun teatrda yaradıcılıq rolu Elçinin “Ah Paris, Paris” tamaşasından başladı. Tamaşanı Azərpaşa Nemətov hazırlamışdı. Telman ilk dəfə Parisdən gələn azərbaycanlı rolunu ifa etdi və uğur qazandı. Ardınca “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir” tamaşalarında yaratdığı rollarla səhnədə parladı. Görünür teatrda Telmanın tapılması üçün vaxt, zaman lazım idi. Yeddi il ərzində rol verirdilər, amma onlar çox balaca, yaradıcılığını açmayan rollar idi. Mən onu rolsuzluqdan çox şikayət edən görməmişəm. Çünki teatrda rolu olmayanda televiziyada çıxışlar edirdi, konsertləri olurdu. Beləcə, bununla rolun verilməməyini konpensasiya edirdi. Amma istəyirdi ki, gözəl rollar oynasın. Mənə elə gəlir ki, ampulası imkan verdiyi qədər rollarını ifa etdi”.

“Telmansız ləzzət eləmir”

Televiziya tamaşalarında çox maraqlı, yaddaqalan rollar yaratdığını deyən Hacı İsmayılov onun kinodakı fəaliyyətindən belə ürəkdolusu danışa bilmədi: “Kinoda xırda rollarla yadda qaldı. Halbuki, ondan yetərincə istifadə etmək olardı. Çünki Telmanın kameraya düşən siması və şirinliyi var idi. Təsadüfü deyil ki, televiziyanın ən uzunömürlü verilişlərindən biri “Kinoklub” məhz onun zamanında daha geniş tamaşaçı auditoriyası topladı, sevildi. İlk dəfə “Kinoklub” üç aktyorla - Hacıbaba Bağırov, Telman və mənlə fəaliyyətə başladı. Hacıbaba Bağırov dünyasını dəyişəndən sonra Telmanın aparıcılığı ilə veriliş yeni nəfəs qazandı. Və sanki Telman da “Kinoklub”da yetişdi, kəşf edildi. Telman rəhmətə gedəndən sonra verilişi mən apardım, amma hiss etdim ki, Telmansız ləzzət eləmir. O şirinlik, məzəlik qalmadı. Yeri gəlmişkən, biz öz aramızda Telmana “Məzəli Telman” deyirdik. Bilirsiniz, teatrda, kinoda çox aktyorlar var, amma Telman onların hamısından seçilirdi. O xeyirxah adam idi, kimin bir problemi olurdusa, Telman onu həll etmək üçün qabağa düşürdü. Cəmiyyət, insanlar içərisində Telmanın hörməti çox idi. Onun dünyasını tez dəyişməsini biz gözləmirdik. Alın yazısı idi, yəqin bu qədər yaşamalı imiş”.

“Onu çox sevirdim”

Əməkdar artist Suğra Bağırzadə: “Mən Telmanı məktəb illərindən tanıyırdım. O məndən iki sinif yuxarı oxuyurdu. Çox istədiyim sinif yoldaşlarımdan biri idi, onu çox sevirdim. Onun istedadı elə məktəb vaxtından bəlli idi. Sonra onunla sənət dostu olduq, “Kino Klub” verilişinin çəkilişlərində daha da yaxınlaşdıq. Telman elə bir insan idi ki, çətin ki, onu Azərbaycanda tanımayan olsuın. Hansı bölgələrə gedirdiksə, hamı onu özününkü bilirdi. Şəkililər deyirdi, Telman bizimkidir, zaqatalalılar deyirdi ki, o bizimkidir. Bilirsiniz niyə? Çünki Telman hər bölgənin danışıq tərzini, qayda-qanununu, adət-ənənələrini gözəl bilirdi. Telman Azərbaycanın sevimli aktyorlarından biri idi. O istedadlı olmağı ilə yanaşı çox yaxşı insan idi.

O dünyasını dəyişəndən sonra “Kino Klubun” da ləzzəti itdi. Artıq biz özümüz də “Kino klub”a gəlmək istəmirdik, çünki Telmanın yerini həmişə görürdük. Telman hər bir verilişə ağıllı məsləhətlər, dinamika, gözəllik verirdi. O rəhmətə gedəndən sonra mən “Azdrama”ya da gedə bilmərəm. Çünki hər zaman o teatra gedəndə Telman tamaşalarda oynayırdı. İndi nəinki qapısından içəri, heç yanından belə keçə bilmirəm, halım çox pis olur. Heç vaxt bir-birimizdən küskünçülüyümüz olmayıb. Bizim nəsil başqa cür nəsildir. Biz bir-birimizə həm yaxşını, həm pisi, həm varı, həm yoxu, yəni hər şeyi deyə bilirdik. O məni görəndə “Suqruşaa necəsəəəəəən? deyib sözləri uzadırdı. İndi o günlər yada düşdükcə ürəyim ağrıyır. Telmanın ölümü bizim üçün bir dost, xalqımız üçün aktyor kimi böyük itkidir. Onu ailəsini tanıyıram, xətirlərini istəyirəm. Qızı Telman dünyasını dəyişəndən sonra ailə həyatı qurdu, heyif ki, qızının xoşbəxtliyini görmədi. Bütün hallarda o bizim dostumuz idi və onu heç vaxt unuda bilməyəcəyik. Dünyanın işi belədir, heç birimiz bilmirik ki, Allah bizi nə vaxt öz yanına aparacaq”.

Nərmin Muradova


Müəllif: