5 İyun 2017 12:52
2 417

Azərbaycanda əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik təklif edilib. Belə ki, qanunuun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) maddəsinə yeni məzmunda əlavə edilir. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladığı müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Komitənin iclasında “Turizm haqqında” qanununa da eyni məzmunlu dəyişiklik təklif edilib. Qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə bu hissə əlavə edilir: Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.

“Sosial müavinətlər haqqında” Qanuna da dəyişiklik təklif olunur. Bu qanunun 10-1.1 (Müavinətlərin ödənilməsi qaydaları) maddəsinə edilən dəyişikliyə əsasən, nəzərdə tutulmuş müavinətlər (aylıq müavinət, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlara müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət) tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir.

“Sosial sığorta haqqında” Qanunun 14-cü (Məcburi dövlət sosial sığorta haqqı) maddəsində də dəyişiklik edilir. Belə ki, indiyədək hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilirdisə, bundan sonra, yalnız nağd qaydada ödəniləcək.

Komitənin iclasında “Məşğulluq haqqında” Qanuna da müvafiq dəyişiklik təklif olunub.

Yuxarıda adı çəkilən qanunlara dəyişikliklərlə bağlı layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Müəllif: Cavad
Загрузка...