15 İyun 2017 09:41
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qanunun qəbulu Rusiya üçün yaxşı heç nə vəd etmir. Çünki qanun özündə bir çox məqamları ehtiva edir. Bu məqamlar Rusiyanın neft-qaz sənayesinə əsasən, texnoloji yeniliklər baxımından güclü zərbələr endirə bilər.

Bunu Teleqraf.com-a açıqlamasında Rusiyanın maliyyə sistemi və energetika sektoruna təzyiqləri artırmağı planlaşdıran ABŞ-da yeni qanun layihəsinin qəbul edilməsinə dair fikirlərə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, xüsusilə, şimal rayonlarında, nəqliyyat sisteminin inkişaf etmədiyi bir sıra digər bölgələrdə neftin və qazın çıxarılması, eləcə də onların emalı üçün lazım olan texnologiya Rusiyada yoxdur. Bu texnologiyaların demək olar 90 faizi ABŞ və İngiltərədən gətirilir: “Böyük Britaniya həmin göndərişləri dayandırmışdı. İndi isə ABŞ sanksiyaları qanuniləşdirsə, demək olar ki, Rusiyanın yeni neft mədənlərinin mənimsənilməsi işi çox çətinləşəcək. Yəni, neftin çıxarılması və onun ixracı yolunda ciddi əngəllər yaranacaq. Neft hasilatının azalması tendensiyası labüd olacaq. Bu isə Rusiyanın həm dünya bazarlarına çıxaracağı neftin, həm də ondan gələn valyutanın həcminə mütləq təsir göstərəcək”.

Qabil Hüseynli hesab edir ki, ABŞ-ın təsiri ilə Avropa ölkələri Baltik dənizinin dibi ilə Rusiyadan Avropaya ikinci qaz kəmərinin çəkilməsinə də razılıq verməyə bilər: “Bir sözlə, Rusiyanın iqtisadi cəhətdən blokadaya alınması, xüsusilə də enerji sahəsində ən müasir texnologiyaların Rusiyaya satılması prosesinə ciddi əngəllər qoyulur. Bu isə Rusiya iqtisadiyyatına öldürücü olmasa da, çox sarsıdıcı zərbə vuracaq”.

Qanunun nələrə gətirib çıxaracağına dair sualımızı cavablandıran politoloq bildirib ki, Rusiyanın və onun başçısı Vladimir Putinin davranışlarına diqqət yetirdikdə onun özünü xeyli mülayim və yumşaq aparmağa başladığını görə bilərik: “Ancaq sanksiyaların başlanğıcını Ukrayna hadisələri qoyub. Krımın işğalı, Ukraynanın şərqində qondarma respublikaların yaradılması, daha öncə Gürcüstanın iki əyalətinin ilhaq edilməsi və sair. Mən burada Ukraynanın böyük uduşlar əldə edəcəyi qənaətindəyəm. Düşünürəm ki, həm Ukraynanın NATO-ya daxil edilməsi prosesi sürətlənə, həm də bu ölkədə islahatlar prosesi dərinləşə bilər. Eyni zamanda Ukrayna ən azı ölkənin şərqindəki separatçı qüvvələrin cilovlanmasında ciddi uğurlar qazanar. Bundan başqa Rusiya Suriyadan çəkilə və ümumiyyətlə, əvvəlki aqressiv xarici siyasət xətti bir xeyli mülayimləşə bilər. Yox, əgər Rusiya bundan sonra da qınına sığmayacaqsa, o zaman onun üçün öldürücü sanksiyalar işə salına bilər. Onlardan biri Rusiyanın beynəlxalq maliyyə bazarlarından tamamilə sıxışdırılmasə, SVİFT deyilən bank-maliyyə sistemindən çıxarılmasıdır ki, bu da Rusiya iqtisadiyyatı üçün sonu bəlli olmayan ağır nəticələrə gətirə bilər”.

Qeyd edək ki, ABŞ-da Rusiya ilə bağlı yeni qanun layihəsinin qəbulu de-fakto olaraq yeni bir Cekson-Venik düzəlişinin (qanunun) qüvvəyə minməsi demək olacaq. Bu qanunun maddələrinin hazırda müzakirədə olan İrana qarşı sanksiyalarla bağlı qanun layihəsinə əlavə edilməsi gözlənilir. Qanun Rusiya banklarının maliyyələşmə müddətinin 90 gündən 14 günə, energetika şirkətlərinə isə ABŞ strukturları və fiziki şəxsləri tərəfindən maliyyələşmə müddətinin 30 günə endirilməsini nəzərdə tutur. Sənədin yaxın günlərdə qəbulu gözlənilir.


Müəllif: Səxavət HƏMİD