21 İyun 2017 21:47
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış yazıçı Zahid Sarıtorpaqla müsahibəni təqdim edir.

– Zahid müəllim, mayın 10-u 60 illik yubileyinizi qeyd etdiniz. Böyük bir ömürdür. Çevrilib arxaya baxanda nə görürsünüz?

– Ömrün çox sürətlə keçdiyini, inanılmaz dərəcədə sürətlə keçdiyini görürəm... Elə bil, əlimi uzatsam, qayğısız uşaqlıq illərimə, dil açıb danışdığım, ayaq açıb yeridiyim körpəliyimə çatar. Elə bil, hər şey dünən olub.

– İnsan adətən, keçmişinə baxanda “gərək belə yaşamayaydım, onu etməyəydim, bunu etməyəydim” deyir. Sizdə necədir?

– Mən qədərin hökmünü qəbul edirəm. Nə olub-olub. Bütün müşküllərin açarı sevgidə, səbrdədir qənaətindəyəm və taleyimdən narazı deyiləm.

– Uzun müddət Rusiyada yaşamısınız. Ora niyə getmişdiniz?

– İki körpə uşağı böyütmək, kirayə pulu vermək, ailəni saxlamaq, dolanışığı təmin etmək lazım idi. Xaotik bir durum içindəydim. Biznes quran dostlarım vardı, dəvət etdilər, getdim və sağ olsunlar, həm maddi, həm də mənəvi dayaq oldular.

– Bəs niyə qayıtdınız?

– Oraya daimi yaşamağa getməmişdim.

– Rusiyada yaşadığınız dövrdə bədii yaradıcılıqla məşğul olurdunuzmu?

– Rusiyada yaşadığım dönəmlərdə də yaz-pozudan uzaq düşməmişdim. Şeirlər yazırdım, sadəcə, ədəbi mühitdən aralıydım.

– Şamaxı rayonundansınız. Sizcə, niyə orda ədəbi mühit yoxdur? Niyə şamaxılı şairlər, yazıçılar Bakıya gəlir, orda yazıb-yaratmırlar?

– Keçmişdə Şamaxıda “Gənc Sabirçilər” ədəbi məclisi vardı. Sonra adını dəyişib “Sabir poeziya klubu” qoydular. Tez-tez yerli qəzetin redaksiyasına yığışıb ədəbi müzakirələr keçirər, bəyənilən şeirləri, hekayələri qəzetin səhifələrində çap edərdilər. Eşitdiyimə görə, indi orada AYB-ın yerli filialı var. Amma bu cür geniş çap vasitələri dövründə bizim ədəbi nəslin 80-ci illərdəki sıçrayış effekti doğuran addımlarını ata bilmirlər. Tək Şamaxıda deyil, hər yerdə belədi, məncə.

Vallah, mən adına ədəbi mühit deyilən boz kütləviliyin əleyhinəyəm. Ədəbiyyatı öz çiynində fərdlər daşıyır.

– Mən də Şamaxıda doğulub böyümüşəm. Elə bil oranın havasında, ağaclarında, gün altında qaralmış insanlarının üzündə, əllərində bolluca işıq var və bu işıq insanı düşünməyə, yazmağa vadar edir. O, nəyin işığıdır?

– Şamaxılı olmağınızı bilmirdim. Yerlipərəst olmasam da çox xoş oldu. Kimsə deyib: yer üzündə elə bir insan yoxdu ki, bütün ömrü boyu içindən bir misra da olsa şeir keçməsin. Mən həmyerlilərimin sözə necə bağlı olduğunu yaxşı bilirəm. Təkcə bir misra deyil, haçansa bir dəfə də olsa şeir yazmayan şamaxılı təsəvvür eləmirəm.

Burada yaşayıb sözlə nəfəs almamaq mümkün deyil. Dediyiniz işıq isə o torpağın havasının, suyunun, insanlarının sirr qatı hələ də açılmamış mübhəm aurasından doğur.

– Məti Osmanoğlunun sizin “Dərdin sarı çəpgəni” romanınız haqqında yazısını oxudum. Məti müəllim sual verir ki, niyə məhz sarı rəng? Bulud müəllim niyə hər şeyə sarı rəngin gözündən baxır?

– Təbiətdə bütün rənglər üç rəngin: qırmızı, mavi və yaşılın (qəribə də olsa bayrağımızın rənglərinin) sintezindən əmələ gəlir. Sarı da həmçinin. Sarı həm də bir nisgil rəmzidi. Bulud müəllimin dünyanı sarı rəngdə görməsi özündən asılı olan bir şey deyil və zənnimcə, əsərin özü bu sualı cavablandırır...

– Süleyman Rüstəm deyir, yersiz gülümsəmə, yersiz ağlama... Zahid müəllim, ola bilərmi ki, insan gülümsəməsinə, kədərlənməsinə sədd qoysun. Gülümsəmək, ağlamaq kimi təbii hisslərə mane olmaq olarmı?

– Gülümsəmək də, ağlamaq da insana xas olan məhrəm hisslərdi. İçdən gəlirsə, deməli hər şey qaydasındadı. Bayağıdısa o andaca bilinir...

– Siz həm şeir, həm də nəsr yazırsınız. Bəs sizə şair deyiləndə daha çox xoşunuza gəlir, yoxsa nasir?

– Fərq eləməz...

– Bildiyim qədəri ilə rəssamlıq qabiliyyətiniz də var. Belə bir sual vermək istəyirəm: rəsm döyər, yoxsa ədəbiyyat?

– Rəsmdə sözün çalarları, ədəbiyyatda rənglərin çalarları... Hərəsinin də öz yeri. Qarşı-qarşıya qoymazdım. Amma ədəbiyyata bağlıyam deyə heç vaxt rəssamlığa can atmamışam, həvəskar olaraq özümçün cizgilər çəkmişəm.

– Uzun illərdir Yazıçılar Birliyində ev növbəsində idiniz. Amma növbə sizə çatmadı. Niyə belə oldu? Heç buna görə üzvlükdən çıxmağı düşündünüzmü?

– Gəl belə danışaq, hər şeyi buraxaq o işlərlə məşğul olanların vicdanlarının öhdəsinə. Onlar da insandılar, mənə qarşı ədalətsizlik etdiklərini, səhv etdiklərini bir gün bilərlər yəqin... Amma mən uzun illər mətbuatda işləmişəm, rayon qəzetinin müxbiri, şöbə müdiri, “Ədalət” qəzetinin xüsusi müxbiri olmuşam, “Ekspress”də çalışmışam. İndi isə “Xəzər” jurnalının redaktoruyam. Narahat deyiləm, Allah bir yandan bağlayanda, bir yandan da açır, dünya yaxşılardan xali deyil. Buna əminəm.

– Sizi vicdanlı bir qələm adamı kimi tanıyırıq. Hazırda çalışdığınız Tərcümə Mərkəzi barədə soruşmaq istəyirəm. Qurumun fəaliyyəti şəxsən sizi qane edirmi?

– Dəyər verdiyinizə görə təşəkkür edirəm. Bu, çox mötəbər bir qurumdu. Yarandığı gündən misilsiz uğurlara imza atıb. Dünya ədəbiyyatının Azərbaycanda tanıdılması, Azərbaycan ədəbiyyatının dünya arenasına çıxarılması qurumun başlıca amalı, prioritetidi. Bu layihələrin gerçəkləşdirilməsində Mərkəzin rəhbəri Afaq Məsudun və onun quruma cəlb etdiyi tanınmış qələm adamlarının, peşəkarların rolu danılmazdı.

– Mənə elə gəlir, sizin yaradıcılığınıza qarşı ədəbi tənqid biganədir. Yoxsa səhv düşünürəm?

– Yazanlar olub. Tehran Əlişanoğlu, Məti Osmanoğlu, Mətanət Vahid, Lalə Həsənova, Aynur Xəlilova... Amma fərqində deyiləm. Heç kimdən heç bir umacağım yoxdu. Mən əsərlərim haqqında sifarişlə yazı yazdıranlardan deyiləm. Həm də düşünürəm ki, axı bunun nə mənası var? Bununla nə dəyişir axı? Əsas mətndi, yazıdı, ona diqqət etmək, enerjini ona yönəltmək lazımdı.

– Səhv eləmirəmsə, gəncliyinizdə evdən qaçmısınız... Gedib özünüzə iş tapmısınız. Hardansa oxudum, dəqiqliyi ilə yadımda deyil. Bu barədə danışa bilərsinizmi?

–Gör hardan gəlib hara çıxdıq. Yüz faiz Kəramət bəyin üslubundan təsirlənmisiz (gülür). Hə, qoy deyim... On altı yaşlı bir yeniyetməyə yaşadığı həyat darlıq eləmişdi, pencəyini götürüb evdən çıxmışdı, bir də altı aydan sonra tapmışdılar onu, görmüşdülər ki, Bakıda kirayə ev tutub, özü də dəmir yolunda fəhlə işləyir... Amma fəhlə işləyənə qədər yapayalqız Orta Asiyanı, Şimali Qafqazı qarış-qarış gəzib dolanmışdı, üzlər görmüşdü, sifətlər görmüşdü, yaxşılara, pislərə, əclaflara, oğrulara, nəşəxorlara, Allah adamlarına rast gəlmişdi, dünyagörüşünə görə bəlkə də həyatda yaşıdlarından çox-çox irəli getmişdi, zəhmətə tapınmışdı və gələcək yaradıcılığının bünövrəsini qoymuşdu məsumcasına...


Müəllif: Çinarə Böyükçöl