22 İyun 2017 12:40
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Qəndab Quliyeva hazırda reanimasiyada yerləşdirilib və hələ ki, heç kimlə danışmasına icazə vermirik. Çünki artıq həyəcan, lazımsız gərginlik yaşaması apardığımız müalicə metoduna ziddir.

Bu sözləri Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin kardiologiya şöbəsinin rəhbəri Abbasəli Abbasəliyev Teleqraf.com-a açıqlamasında deyib.

O, bildirib ki, xalq artisti bir neçə gün əvvəl ağır təngnəfəsliklə klinikaya daxil olub: “Qəndab Quliyevaya ciddi ürək çatışmazlığı diaqnozu qoyulub”.

Həkimin sözlərinə görə, xalq artistinin vəziyyəti hələlik stabil qiymətləndirilir: “Qəndab Quliyevanın müalicəsi bir xeyli davam edəcək.

Hazırda o, ciddi həkim nəzarəti altındadır. Hər ehtimala yaxın bir-iki günü də reanimasiyada saxlamağa davam edəcəyik”.

Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-da Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur.

1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib, Leyli, Əsli (Üzeyir Hacıbəyov: “Leyli-Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev: “Şah İsmayıl”), Şahcənəm (Z.Hacıbəyov: “Aşıq Qərib”), Gülbahar (Ş.Axundova: “Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev: “Vaqif”) rollarını yaradıb.

Qəndab Quliyevanın ifasında “Xaric Segah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamlarının səsyazıları Qızıl Fondda saxlanılır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamdan dərs deyir.


Müəllif: Könül Əlibəyli