22 İyun 2017 14:00
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix fənninin plagiat olması ilə bağlı məsələyə Təhsil Nazirliyi münasibət bildirib.

Nazirlikdən Telelqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, son günlər www.trims.edu.az saytında ictimai müzakirəyə çıxarılan dərslik layihələri hələlik əlyazma şəklindədir və çap olunmayıb:

“Həmin dərslik layihələrinin ictimai müzakirəsi artıq başa çatıb və ictimaiyyət tərəfindən bildirilən bütün rəylər, irad və təkliflər həmin dərsliklərin nəşrə hazırlanması zamanı mütləq nəzərdən keçiriləcək.

Eyni zamanda onu da ictimaiyyətin nəzərinə çatdırırıq ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və ya müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə lazım olan həcmdə parçalar tədris xarakterli nəşrlərdə istifadə edilə bilər”.

Nazirlikdən qeyd edilib ki, Təhsil Nazirliyi bütün tərəfləri artıq arxada qalmış dərslik müsabiqəsinin “ehtiraslarını” və şəxsi maraqları bir kənara qoyub, səyləri şagirdlərin istifadəsinə veriləcək həmin dərsliklərin daha mükəmməl olmasına yönəltməyə çağırır.

Qeyd edək ki, son günlər www.trims.edu.az saytında ictimai müzakirəyə çıxarılmış “Şərq-Qərb” nəşriyyatının “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində “səhv” və “plagiat” hallarının olması barədə Leyla Hüseynova və digərləri tərəfindən iddialar səsləndirilib.

“Şərq-Qərb” nəşriyyatının müəllifləri isə həmin iddiaları səsləndirənləri dərslik müsabiqəsində uduzduqları üçün qərəzli mövqe nümayiş etdirməkdə ittiham edirlər.


Müəllif: İlhamə Əbülfət