24 İyun 2017 00:05
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə naziri Fikrət Məmmədov Ukraynanın ədliyyə naziri Pavlo Petrenko ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı qeyd olunaraq bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb. Həmçinin hüquqi sahədə əməkdaşlığa toxunularaq qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, hər iki dövlətdə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb.

F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar, o cümlədən məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericiliyin daim təkmilləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlərdən bəhs edərək dövlət başçısının iştirakı ilə Nərimanov Rayon Məhkəməsinin müasir inzibati binasının yenicə açılışını xüsusi vurğulayıb. Həmçinin, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət"in vətəndaş məmnunluğunu təmin edən fəaliyyətindən bəhs olunub.

Ukraynalı nazir bir-birinə yaxın və dost olan ölkələrimizin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək təqdir edib, öz ölkəsində də bu sahədə köklü islahatların aparıldığını bildirib. P.Petrenko hüquqi sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək bunun üçün qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.

Söhbət zamanı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb, Ukrayna tərəfi Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq təşkilatlarda haqlı mövqeyini daim dəstəklədiyini bildirib.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, probasiya və mediasiya institutunun tətbiqi, əhaliyə hüquqi xidmətlərin göstərilməsi, notariat institutunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ədliyyə nazirinin müavini Toğrul Musayev də iştirak ediblər.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub, nümayəndə heyətinə müasir ədliyyə fəaliyyətinə, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına dair, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi broşürlər təqdim edilib.
Həmin gün nazir P.Petrenkonun Ali Məhkəmədə görüşü olub, qonaqlar həmçinin "ASAN" xidmətin fəaliyyəti, eləcə də Bakının tarixi və mədəni abidələri, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.


Müəllif: Teleqraf.com