1 İyul 2017 12:58
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacı Cavad məscidinin köçürülməsi ilə bağlı məsələyə münasibət bildirib.

M. Qurbanlı APA-ya açıqlamasında bildirib ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sadəcə olaraq, yeri dəyişdirilir. O deyib ki, Hacı Cavad məscidi hazırda yeni ünvanda – Abbas Mirzə Şərifzadə 1 ünvanında yenidən tikilir:

“Yaxın vaxtlarda həmin məscid mömin insanların istifadəsinə veriləcək. Məscidin yeni ünvana köçürülməsi ilə əlaqədar Dini Komitə, Qafqaz Müsəlmanları İdarəsi, digər müvafiq qurumlar məsciddə ibadət edən mömin insanlarla görüş keçiriblər, geniş söhbətlər aparılıb, izahat verilib və bundan sonra ümumi razılıqla məscidin yeni ünvana köçürülməsi işlərinə başlanıb. Baş nazirin müavini Yaqub Eyyubovla birgə yeni ünvanda əhali ilə bir də görüş keçirilib, layihə təqdim olunub və hazırda da tikinti gedir. Heç bir problem, narazılıq yoxdur. Sadəcə, bəzi qüvvələr var ki, məsələni başqa məcraya yönəltmək istəyirlər. Bu cür qaragüruha demək istəyirik ki, dinimiz cənab prezident İlham Əliyevin himayəsi altında qorunur. Bu gün Azərbaycanda 2246 məscid var. Hacı Cavad məscidinin yeni ünvanda tikilməsi də məhz cənab prezidentin himayəsi və göstərişi ilə davam etdirilir. Ona görə də bu mövzu altında kimlərsə hay-küy qaldırırlarsa, dinimizə deyil, başqa məqsədlərə xidmət edirlər. İnanmıram ki, cəmiyyət bu cür adamlara normal münasibət bəsləsin”.

Qeyd edək ki, ərazidəki abadlıq və yenidənqurma işləri ilə əlaqədar Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıb verib. Komissiya hazırkı məscidin yararsız olduğunu nəzərə alaraq rayon ərazisində yeni yerin ayrılması və möminlər üçün daha geniş məscidin tikilməsi barədə qərar qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər