Bu sözləri həyat yoldaşı İlqar Mikayıloğlu ilə Misirdən yenicə qayıdan tanınmış aparıcı Zülfiyyə Bayramova Teleqraf.com-a deyib:
“Sfinks heykəlini də gördük. Dünyanın ən uzun çayı olan Nildə üzdük, Musa peyğəmbərin keçdiyi Qırmızı dənizdən keçdik. Sanki 5 min il əvvəlin tarixinə toxunduq. Mumiyaları görüb özümüzü bir anlıq fironların əhatəsində hiss etdik”.
Teleaparıcı ölkənin iqtisadi durumu ilə bağlı fikirlərini də bölüşüb:
“Ölkə çox kasıbdır, həm də ətraf pintidir. Yaşıllıq yoxdur. Dəvələr, əmmaməli kişilər, səhralıq, çirkab və səliqəsizlik... Misirlilər çox çətin vəziyyətdə yaşayırlar. Sanki orda tarix irəliləməyib, hələ də orta əsrlərdir. Onu da qeyd edim ki, kasıb olsalar da misirlilər ticarətdə ustadırlar. Bir satıcı mənə bəyəndiyim köynəyi 60 dollara satmağa çalışırdı, az sonra elə həmin satıcıdan həmin köynəyi 15 dollara aldım.
Turist olduğumuzu görüb fotoqraflar da bizi aldatmağa çalışdılar. Şəkil çəkənə qədər özünü elə apardı ki, guya pulsuzdur. Çəkdikdən sonra isə dollar davası elədi. Amma biz bunlara hazır idik. Çünki ölkəyə çatar-çatmaz tur personalı bizə xəbərdarlıq etmişdi ki, piramidaları gəzməyə tur paketi ilə deyil, öz hesabımıza ayrıca getsək, təhlükəli vəziyyətlə qarşılaşa bilərik. İlqar olmasaydı mən bu fırıldağa aldanacaqdım...
Amma Misirdə dürüst olanlar da vardı. Bir qızıl dükanında çalışan satıcı dükanı bizə tapşırıb başqa mağazaya mal gətirməyə getdi”.
Yalnız meyvə ilə qidalandığını və bir neçə gün Azərbaycan mətbəxinin həsrəti ilə yaşadığını deyən xanım aparıcı başına gələn qəzadan da danışıb:
“Safaridən qayıdanda qumluqda sürdüyüm xüsusi maşının idarəsini itirib bədəvi alaçıqlarına çırpıldım. Mən çox qorxsam da, misirlilər gülməyə başladılar və belə hallarla tez-tez rastlaşdıqlarını söylədilər”.