4 İyul 2017 14:54
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistika sahəsində həmkarlar ittifaqı yaradılmalı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müstəqil olaraq birləşməlidir. Əminəm ki, yaxın günlərdə Azərbaycan jurnalistikasında həmkarlar təşkilatının yaranması ilə bağlı əməli addımlara başlayacağıq.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, dünyanın hər bir yerində həmkarlar təşkilatlarının missiyası aydındır:

“Azərbaycanda da kifayət qədər güclü həmkarlar ittifaqları var. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dünyada nüfuzlu konfederasiyalardan biridir. Bütün bunlardan istifadə edərək, ölkəmizdə jurnalistika sahəsində də həmkarlar hərəkatını genişləndirməli, jurnalistlərin hüquqlarını qorumaq iqtidarında olan çox güclü həmkarlar ittifaqı təsis etməliyik. Bir müddət sonra təşkilatlarda iclaslar təşkil edilməli, ilkin həmkarlar təşkilatları yaradılmalı və birgə konfrans keçirməlidirlər”.

Əflatun Amaşov beynəlxalq praktikada işçilərin müqavilə bağladığını və onların bütün hüquqlarının həmkarlar təşkilatları tərəfindən qorunduğunu qeyd edib: “İlk növbədə redaksiyalarda özəklər yaradılmağa başlanacaq. Əgər iş uğurlu alınarsa, ilin sonunda prosesə yekun vurulacaq”.

“Redaksiyalarda həmkarlar təşkilatları tələb kimi qoyulacaqmı” sualını Mətbuat Şurasının sədri belə cavablandırıb:

“Bu, təşkilatın özündən və əməkdaşlarından asılıdır. Hər bir jurnalist öz hüququnu qorumağı bacarmalıdır. Bir var fərdi şəkildə, tək-tək hüququnu qoruyasan, bir də var öz hüququnun bir hissəsini yaratdığın həmkarlar təşkilatına həvalə edəsən. Artıq hüququnla ilkin həmkarlar təşkilatı məşğul olur və daha çox sənin əmək hüquqlarını qoruyur. Maaşın tənzimlənməsində həmin təşkilatın rolu kifayət qədər böyükdür. Eyni zamanda təşkilat əmək hüquqları ilə yanaşı, əməkdaşların istirahət hüquqlarının qorunmasında da rol oynayır. Bu da çox vacib məsələlərdən biridir. Çox təəssüf, bizdə belə düşüncə var ki, həmkarlar ittifaqları yalnız vətəndaşların istirahət hüquqlarının qorunması ilə məşğuldur. Lakin dünya təcrübəsi onu göstərir ki, bu, belə deyil. Həmkarlar ittifaqı işçilərin əmək hüquqlarının qorunması ilə məşğul olan yeganə təşkilatlardan biridir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər