4 İyul 2017 16:30
4 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) baş həkimi Mirələm Cəlalov cavablandırıb.

- Mirələm müəllim, son vaxtlar tez-tez Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının çağırış yerində döyülməsi xəbərləri yayılır. Sizcə, əməkdaşlarınıza qarşı bu cür münasibət nədən qaynaqlanır?

- Təəssüf ki, son zamanlar bu cür hallar qeydə alınır. Dünyanın heç bir yerində xəstəyə yardım etmək istəyən həkimə zor tətbiq edilmir. Bir neçə gün öncə Lənkəranda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri çağırış yerinə gəlib, xəstəyə yardım ediblər. Xəstə ürək tutmasından ölüb. Yaxınları həkimləri döyüblər. Bu, primitivliyin son həddidir. Dəfələrlə olub ki, həkim çağrışa gəlib, amma xəstəyə yaxışlaşmamış qohumları tərəfindən aqressivliklə qarışılaşıblar. Təbii ki, bu cür hal həkimlərin də psixologiyasına mənfi təsir edir. Həkim xəstəni xilas etmək əvəzinə, qohumları sakitləşdirməyə çalışır. Çünki hər kəs bir tərəfdən müdaxilə edir. Nəticədə həkim işinin əlli faizini tətbiq edə bilmir. İnsanlar anlamalıdır ki, həkim xəstəni öldürməyə yox, yardım etməyə gəlir. Çünki, onun vəzifəsi xəstəyə son dəqiqəyə kimi yardım etməkdir. XXI əsrdə yaşayırıq. Onların döyülməsi düzgün deyil. Heç bir yerdə belə şey yoxdur.

- Bəs, bu cür halların qarşısını almaq üçün nə etmək lazımdır?

- Həkimə qarşı mədəniyyətsizlik, kobudluq hallarının qarşısının alınması üçün hüquq-mühafizə orqanları ciddi tədbirlər görməlidir. Həkimlərə qarşı kobud rəftar dəfələrlə baş verib. Hüquq-mühafizə orqanları çoxdan məsələ barədə tədbir görməli və bunu ictimailləşdirməli idi. Xəstəyə şəfa verən adamı döymək olmaz. Həkimlərin döyülməsi məsələsinə münasibət çox pis olmalıdır.

- Təcili yardıma daxil olan müraciətlərin təxminən neçə faizi əlaqəsiz çağırışlardır?

- Mən deyərdim ki, çağırışlardan 50-60 faizdən çoxu əlaqəsiz çağırışlardır. Bu yaxınlarda bir neçə belə hal qeydə alınıb. Xəstənin boğazı ağrıyıb. Zəng edib təcili yardım çağırıblar ki, bəs, mənim boğazım ağrıyır, ünvana gəlin. Hətta xəstə təcili tibbi yardımın gecikməsi barədə də qaynar xəttə şikayət edib. Araşdıran zaman məlum oldu ki, xəstənin adi anginası var, gecə saat 3-də təcili yardım çağırır. Bu cür əlaqəsiz zənglər hər gün olur. Angina üçün polklinikaya müraciət etmək lazımdır. Təcili yardım bütün çağrışlara gedir. Əlaqəsiz çağrışlar olduqda isə həkimlərimiz digər ünvana gecikir. Nəticədə həqiqətən xəstə olan şəxsin yaxınları qəzəblənir, aqressivləşir. Briqadanın sayı sonsuz deyil. Əhalinin sayına uyğun briqadalar var. Əlaqəsiz çağrışların sayı 50-60 faizdən yuxarı olarsa, əlbəttə, gecikmələr də olacaq. Türkiyədə vətəndaş təcili yardımı əlaqəsiz çağıranda cəza tətbiq edilir. Azərbaycanda isə bu cür cəza növü yoxdur. Bizim ölkədə də ehtiyacı olan xəstəyə vaxtında yardım göstərilməsi üçün əlaqəsiz çağrışlar edənlər cəzalandırlmalıdır. Çünki həkimlər əlaqəsiz çağrışda itirdikləri vaxtı həqiqətən xəstə olan şəxsə sərf edə və onun həyatının xilas edə bilərlər.

- Dediniz ki, Türkiyədə əlaqəsiz çağrışlar edənlər cəzalandırlır. Azərbaycan da bu cür cəzanın olması barədə təklif verilibmi? Yaxud təklif verilməsi planlaşdırılırmı?

- Təklifin verilməsi ilə bağlı başqa şöbələr işləməlidir. Biz hümanizim baxımından deyirik ki, bu cür hallar ola bilməz. İnsanlar maariflənməlidir. Bu məsələ jurnalistlər tərəfindən daha çox qabardılmalıdır. Öz işini yerinə yetirən həkimə güc tətbiq edilməsinə qarşı birgə mübarizə aparılmalıdır. Bu cür xuliqanlıq halları tək həkimə qarşı yox, jurnalistə, polisə qarşı da ola bilər. Hər bir xuliqan, cinayətkar cəzasını almalıdır.

- Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ötən il nə qədər müraciət daxil olub?

- Ötən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub. Onlardan 63 mini əsasında xəstə və zərərçəkənlər xəstəxanalara yerləşdiriliblər. Uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çox olub ki, onlardan da xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıq olub. Təcili tibbi yardıma ehtiyacı olan 180 nəfərin yaşayış yeri məlum olmayıb. İlkin tibbi yardım göstərildikdən, ixtisaslı həkimlər tərəfindən müayinə edildikdən və təmiz geyimlə təmin edildikdən sonra onlar müvafiq xəstəxanalara yerləşdiriliblər. Yay ayında isə əsasən, yol qəza hadisələri zamanı təcili yardım çox çağrılır. Bu günlərdə yol qəza xidməti ilə bağlı gecə-gündüz çağrışlar gəlir.

- Hazırda respublika üzrə 12 regional məntəqəniz fəaliyyət göstərir. Regionlardan Bakıya gətirilən xəstələrin sayında fərq varmı?

- Regionlardan şəhərə gətirilən xəstələrin sayı azılıb. Təcili yardım məntəqələrinin maddi texniki bazası müasir və dünya standartlarına uyğun qaydada təşkil edilib. 113 regional məntəqə bütün lazımi tibbi avadanlıqlar, sarğı materialları və dərman preparatları ilə, habelə son model “Mercedes” markalı reanimobillərlə təmin olunub. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır.

- Bəs, Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tərkibində nə qədər vertolyot var?

- İtaliya istehsalı olan 2 vertolyotumuz var.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər