4 İyul 2017 19:52
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetində (BDU) cəmi bir binada tələbələr üçün cari təmir işləri nəzərdə tutulur. Yataqxana kompleksinin tikinti planı da var. Amma onu həyata keçirmək üçün yollar axtarırıq.

BDU-nun İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı bu sözləri Teleqraf.com-a açıqlamasında deyib.

Prorektor bildirib ki, BDU-nun yataqxanalarının bir hissəsi sökülüb, digər hissəsi də sökülmə ərəfəsindədir: “Maliyə vəsaiti olarsa, yeni yataqxana kompleksinin tikintisinə başlanacaq. Bunun üçün ya dövlət, ya da hər hansı sponsor təşkilatı dəstək verməlidir.

Hazırda köçkünlərin yaşadığı 2 saylı yataqxana da sökülə bilər. Sökülməsə universitetin hesabına cari təmir işləri aparılacaq. İndi yataxanada olan tələbələrin çoxu 4-cü kursu bitirdikləri üçün oranı tərk edir. Yataqxanaya yerləşdirmə pulsuzdur və yalnız öz tələbələrimiz üçün nəzərdə tutulub.

Gələcəkdə inşa ediləcək binaya öz tələbələrimizi yerləşib, bitirdikdən sonra yer olarsa, digər universitetlərin tələbələrini yerləşdirməkdən danışıla bilər”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, vaxtilə universitetin 7 binadan ibarət yataqxana kompleksi olub : “Həmin kompleks 900 nəfər tələbə tuturdu. Hazırda yataqxanalardan yalnız biri qalıb, 6-sı sökülüb. 320 nəfərlik yataqxanada daha çox əcnəbi tələbələr qalır, amma yerli tələbələrdən də istifadə edənlər var. 3 nəfər üçün nəzərdə tutulmuş otaq 35 manata, 2 nəfər üçün isə 50 manat təklif olunur.

Ancaq otaqların və umimi yataqxananın vəziyyəti müasir tələblərə cavab vermir. Ona görə daha çox tələbəni təmin etmək üçün müasir tələblərə cavab verən, gözəl arxitekturaya malik yeni yataqxana kompleksi tikilir. Onun 1000 nəfər tələbə tutumlu olacaq. Yataqxananın 2018-ci ilin sentyabr ayı üçün yekublaşıb, təhvil verilməsi gözlənilir. Kompleksin maliyə dəstəyi Heydər Əliyev Fonduna məxsusdur”.

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Departamentinin müdiri Araz Ağayev bildirib ki, ali məktəbin yataqxanasında 144 tələbə yaşayır: “Bundan əlavə 40 nəfərə yaxın tələbəni də yerləşdirmək imkanımız var. O da yeni tədris ilində müraciətlər hesabına dolacaq. Tələbələr ancaq ADU-nundur. Bir tələbə ayda 20 manat ödəyir.

2017-2018-ci tədris ilində yataqxanada kitabxana yaradılacaq , “vayfay” sistemi quraşdırılacaq və tələbələr yeni tədris ilindən bu yeniliklərdən istifadə edə biləcəklər. Həmçinin yeni tədris ili üçün cari təmir işlərinin aparılması gözlənilir”.

Bakı Slavyan Universitetinin İnzibati Təsərrüfat işləri üzrə prorektoru Əbülfəz Nağıyev bildirib ki, tədris ilinin sonu olduğu üçün hazırda 4-cü kurs tələbələri yataqxananı tərk edir: “4 yataqxanamız var ki, onun da 3-ü tamamilə, 1-nin isə 2 mərtəbəsi məcburi köçkünlərdədir. Qalan hissədə həm xarici, həm də yerli tələbələr yataqxanada yaşayır. Qiymətə gəlincə, yerli tələbələr 30 manata, xaricilər isə 100 manata qalır”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər