Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə,bu gün paytaxtın bir sıra, xüsusən mərkəzi yollarında tıxacların yaranmasının səbəblərindən biri koordinasiyasız həyata keçirilən yol nişanlamaları və xətləmə işləridir. “Bakı Nəqliyyat Agentliyinin əsasnaməsində də göstərilib ki, Bakı şəhərində yol nişanlamaları və xətləmələr agentliyin və DYP-nın razılığı ilə həyata keçirilməlidir. Bu gün Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə bu sahədə birgə çalışır.
Amma yenə də bəzi yerli qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkirlər ki, bu da tıxaclara, eyni zamanda insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələrinə səbəb olur”.
Bakıdakı piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub: “Svetoforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidi nişanlanma xətti çəkilib. 12 məntəqədə yol nişanlanması olsa da yol nişanı quraşdırılmayıb.
12 məntəqədə piyada keçidləri dayanacaq məntəqəsi daxilində yerləşdirilib. 18 məntəqədə piyada keçidi yol nişanı quraşdırılmış yol xətlənməsi işləri aparılmayıb. 67 məntəqədə piyada keçidləri quraşdırılarkən, normalara uyğun ara məsafəsi gözlənilməyib, keçidlər bir-birinə nəzərən çox yaxın quraşdırılıb.
5 yol kəsişməsində isə piyada keçidi yerləşdirilərkən bərabəryanlı görmə üçbucaqları nəzərdə tutulmayıb, piyada keçidi kəsişmədən dərhal sonra təşkil edilib”.
Bakı Nəqliyyat Agentliyi əsasnaməsinə uyğun olaraq piyada keçidləri ilə bağlı bu kimi ciddi nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasına başlayıb: “Piyada keçidlərinin xaotik şəkildə əvvəlcədən yerləşdirilməsinin hər birimiz üçün ağrılı bir məqam olduğunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi ictimaiyyəti də bu işdə fəal əməkdaşlığa dəvət edir.
Əhalidən paytaxt yollarında piyada keçidlərinin düzgün yerləşdirilməməsi eyni zamanda düzgün olmayan nişanlanma halları ilə bağlı 141 çağrı mərkəzinə məlumat vermələri xahiş edilir”.