Baş Assambleyanın işində OANA-dan müşahidəçi kimi iştirak edən V.Seyidov tədbir iştirakçılarına təmsil etdiyi təşkilat, onun tarixi, sədrlik edən agentlik vəzifəsində Azərtac-ın sələfləri, regionun və bütün dünyanın informasiya məkanında onun rolu barədə danışıb, statistik məlumatlar gətirib. V.Seyidovun çıxışında OANA-nın fəaliyyətinin, onun veb-saytının, beynəlxalq əlaqələrinin daha da təkmilləşdirilməsinə Azərtac-ın töhfəsi mövzusuna da toxunulub. AMAN-ın üzvü olan agentliklərin nümayəndələri həm iki regional təşkilat, həm də Azərtac ilə ayrı-ayrı agentliklər səviyyəsində əlaqələrin qurulması və inkişaf etdirilməsi imkanları ilə maraqlanıblar. Bütövlükdə əməkdaşlığın inkişafına və peşə təcrübəsi mübadiləsinə səmimi maraq ifadə olunub.
Vüqar Seyidov ötən ilin noyabrında Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresində AMAN-ın üzvü olan agentliklərin çoxunun iştirakına görə təşəkkürünü bildirib.