Keçən ilin oktyabr ayında keçirdiyimiz təlim vasitəsilə oğlan uşağına verilən üstünlüyün aradan qaldırılması prosesində medianın rolunun qabardılmasına yönəlmiş yanaşmanın bünövrəsi qoyulub.
Teleqraf.com xəbər verir ki, bunu "Qız uşaqlarının dəyərinin təsviqi üçün ictimai məlumatlılığın artırılmasında medianın rolu" təlim-seminarda BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyin rəhbəri Fərid Babayev deyib.
Onun sözlərinə görə, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu fenomen artıq Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində özünü büruzə verməkdədir: "Tədqiqatlar göstərir ki, ailə vahidinin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemi dölün cinsini təyin etməyə imkan yaradan müasir texnologiyaların əlçatanlığı və ümumi fertillik əmsalının aşağı düşməsi prosesində valideynləri mütləq şəkildə oğul övladına sahib olmağa vadar edir.
Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalarla əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi sübut edir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün portnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və sair bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir".
Fərid Babayev bildirib ki, reproduktiv sağlamlıq və əhali məsələləri, eyni zamanda, gender münasibətlərinin dinamikası ilə birbaşa əlaqədar olan bu problem Əhali Fondu olaraq onları çox narahat edir: "Bunu nəzərə alaraq BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması məqsədilə bir sıra yeni layihənin icrasına başlayır. Bu layihələr Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.
Sözügedən layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də hər iki layihənin icrasında əsas hökumət tərəfdaşları kimi yaxından iştirak edirlər.
Bununla yanaşı qeyd etməliyəm ki, müdaxilələrin uğurunu təmin etmək üçün “dördüncü hakimiyyət”in töhfəsi çox əhəmiyyətlidir. Sirr deyil ki, istənilən cəmiyyətdə mövcud gender stereotiplərinin daha da dərinləşməsi və yaxud aradan qaldırılması prosesində media müstəsna rol oynayır".