Ermənistan hərbi birləşmələri 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərini və mülki əhalinin hüquqlarını müdafiə edən digər beynəlxalq razılaşmaları kobud şəkildə pozaraq uşaqları, qadınları və qocaları qətlə yetirməkdən çəkinmir. Bu bir yandan Ermənistanın işğalçılıq mahiyyətinin bariz sübutudursa, digər yandan beynəlxalq ictimaiyyətin indiyədək rəsmi İrəvana qarşı təsirli addımlar atmamasının nəticəsidir.
Çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və qeyri-adekvat davranışı, beynəlxalq ictimaiyyətin ikili standartdan çıxış etməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır.
Azərbaycanın mülki əhalisinə qarşı davamlı şəkildə törədilən bu cür ağır cinayətlər işğalçı Ermənistanın sülh yolu ilə zəpt etdiyi torpaqları tərk etməyə məcbur ediləcəyi ilə bağlı ümidləri aradan aparır və Azərbaycan Ordusunu işğalçıya qarşı müvafiq addımlar atmağa vadar edir. Münaqişə zonasında baş verəcək bütün hadisələrə görə məsuliyyət birmənalı olaraq işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Biz Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) olaraq münaqişənin sülh yolu ilə həllinə çağırış edən beynəlxalq institutlardan Ermənistanın Azərbaycanın mülki əhalisini – uşaqlara, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamağı, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyi tələb edirik. Hesab edirik ki, gec də olsa nəhayət beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini cavabsız qoymamalıdır.