7 İyul 2017 12:56
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi XİN-in nümayəndə heyəti bu gün iyulun 9-da qeyd olunan Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Fəxri Xiyabanı ziyarət edən XİN-in nümayəndə heyəti ümumilli lider Heydər Əliyevin xatirəsini yad edərək onun məzarına əklil qoyub.

Həmçinin məşhur alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül qoyub.

Sonra nazirliyin kollektivi Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qeyd edək ki, Azərbaycanın diplomatik xidmətinin yaradılmasından 98 il keçir. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi Katibliyinin yaradılmasına dair qərarın qəbul edilməsi dövlətimizin peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verən ulu öndər Heydər Əliyev diplomatiyamızın sağlam əsaslara söykənməsinə daim diqqət və qayğı göstərib. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər