Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində ictimai-siyasi xadimlər, baş redaktorlar, ziyalılar, millət vəkilləri iştirak edib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov kitab haqqında danışarkən deyib ki, əsər bütövlükdə erməni təcəvüzünə qarşıdır: “Bu əsər Kaspi Təhsil Mərkəzinin dəstəyi ilə çap edilib.Tədbirdə iştirak edənlərdən biri Mehdi Məmmədovdur. Mehdi müəllim bura Qazaxıstandan gəlib. Onun ailəsi də repressiyalara məruz qalıb.
Kitabların müəllifi Sadıq Zeynaloğlu hazırda həyatda deyil. Müəllif bütövlükdə repressiyaya uğrayan bir nəslin nümayəndəsidir. Qazaxıstanda böyüyüb, Azərbaycanda müxtəlif vəzifələrdə çalışıb.
Kitabda Şahbuz və Culfanın kəndlərində 1930-ci illərdə baş verən hadisələr, insanların güllələnməsi və sürgün edilməsi öz əksini tapır. Əsərdə Naxçıvanın rayonlar üzrə repressiyalara məruz qalan insanlar haqqında da informasiya verilir”.
Kaspi Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva kitabların müzakirəsində aktiv iştirakçılığı, hər kəsin bu mövzuda həmrəy olmasını müsbət qarşılayıb.
O, deyib ki, kitabda söhbət repressiyalara məruz qalan ayrı-ayrı fərdlərdən, eləcə də ailələrdən gedir: “Bizim hamımızın hansısa qohumumuz repressiyaya məruz qalıb. Bu kitabda bizim başımıza gətirilən faciələrin bir hissəsindən bəhs edir. Kitabın müəllifi reprssiyaya məruz qalmış ailədəndəndir.
200 illik bir dönəmdə baş verənlər bəllidir, bunun arası kəsilmir. İyulun 4-də cəbhədə baş verənlər də göstərir ki, tarix davam edir.
Əsərin müəllifinin ailəsi sürgün olunub. Bunu ermənilər edib. O dövrdə Stalinin, Beriyanın əhatəsini ermənilər tutmuşdu. Əslində həmin dövrdə kolxoz quruculuğuna mane olmaq sadəcə bəhanə idi, əsas məqsəd azərbaycanlıların başına faciə gətirmək idi.
Katabın müəllifi yazır ki, bizi kənddən sürgün edəndə nənəm bunun səbəbini soruşdu, sürücü bayatı deyib ağladı. Müəllifin yaşadığı və digər kəndlərin də boşaldılması gələcəkdə “böyük Ermənistan”ın yaradılmasına hazırlıq işiydi. Çünki bu kəndlər strateji əhəmiyyət daşıyırdı. Ailələr sürgün olunur, milli iradə sındırılırdı. Sanki bu, uzun ömürlü bir ssenaridir. Sürgün olunanlar, repressiyaya məruz qalanlar sürgün yerində biri-birini tapıblar, yaxınlaşıblar. Ancaq ermənilər qan davası kimi məkrli düşüncəni orada da davam etdiriblər”.
Çıxışcı daha sonar xatırladıb ki, ermənilərin məkrli siyasəti nəticəsində o zaman Şamaxıda öldürülən 300 nəfərdən 200-nün də ölüm sənədi məhv edilib: “Bu da çaşdırma siyasətinin mahiyyətindən doğur. Ermənilər Stalinin ətrafında olub, onun özünə də təzyiqlər ediblər. Beləcə, türklərin başına oyunlar gətirilib.
Sadıq Zeynaloğlu Naxçıvanda daxili işlər naziri vəzifəsində çalışdığı zaman ermənilərin məkrli siyasəti haqda faktları, arxiv sənədlərini qoruyub. Ona Moskvadan deyiblər ki, bu sənədlər bizə lazımdır, o da cavab verib ki, sənədlər yandırılaraq məhv edilib. Halbuki o, sənədləri qoruyub saxlayırdı. Həmin sənədlər ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ortaya çıxarıldı”.
Sona Vəliyeva qeyd edib ki, bu kitabın bütün kitabxanalara çatdırılması təmin ediləcək: “Kitabda çoxlu sayda insanlar haqqında məlumatlar yer alıb. İnanıram ki, bu nəşr vasitəsilə çoxsaylı insanlar öz ailələri, yaxınları barədə məlumat əldə edəcəklər”.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli də əsərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Akademik konkret faktlar gətirərək deyib ki, bu repressiyaları həyata keçirənlər cəzasız qalmayıb, onların özləri də tarix tərəfindən cəzalandırılıb.
Tədbirin gedişi zamanı Kaspi Mətbuat və Təhsil Mərkəzi adından Sona Vəliyeva Qazaxıstandan gələn, repressiyalara mıəruz qalmış ailədə böyüyən Mehdi Məmmədovun mükafatla təltif edildiyini vurğulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov mükafatı qonağa təqdim edib.
Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı erməni təcavüzü haqqında çıxış edib: “Kaspi Mətbuat və Təhsil Mərkəzinin bu istiqamətdə gördüyü işlər yüksək qiymətləndirilməlidir. Hər şeyi dövlətin üzərinə yıxmaq olmaz”.
Foto: Elçin Murad