Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, müvafiq müsabiqədə iştirak etmək üçün 1769 uşağın sorğusu yerləşdirilib.
Nəticədə 1471 uşaq müsabiqədə uğur qazanıb. Müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə iyunun 20-dən iyulun 10-dək keçirilib.
Cari ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyanın I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqlar da ümumi təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə iyunun 6-dan 30-dək aparılıb.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara müsabiqə Nazirliyin müvafiq şöbəsinin nəzarəti ilə həmin lisey və gimnaziyalarda həyata keçirilib. 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya müsabiqə isə BŞTİ-nin nəzarəti ilə müvafiq lisey və gimnaziyada aparılıb. Bu barədə hər bir valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə (və yaxud elektron poçta) mesaj göndərilib.
Lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqların valideynləri lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silərək, ümumi təhsil müəssisələrinə I sinfə qəbul üçün müsabiqəyə yazılıblar. Müsabiqələrdə iştirak üçün qeydiyyatdan keçmiş 2865 uşaqdan 1628-i uğur qazanıb. Müsabiqədə iştirak edərək müvəffəq ola bilməyənlər isə iyulun 1-dən 10-na kimi ümumi təhsil müəssisələrinə xüsusi istedadlı uşaqların I sinfə qəbul üzrə müsabiqədə iştirak ediblər.
Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar I sinfə müsabiqədənkənar qəbul ediliblər.
Xüsusi istedada malik, 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqə Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq aparılıb.