13 İyul 2017 13:36
7 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai cavablandırır:

- Nigar xanım, 2017 Formula 1 Azərbaycan Qran Prisi başa çatdı. Bakıda ikinci ildir keçirilən Formula 1-in nəticələrini necə qiymətləndirirsiniz?

- Bu ilin nəticələri bizi son dərəcə məmnun edir. Həm bilet alan izləyicilər, həm də Formula 1, eləcə də Beynəlxalq Avtomobil Federasiyasının nümayəndələri və pilotların, bir sözlə hər kəsin razı qalması üçün əlimizdən gələni etməyə çalışırdıq. Şəhərin mərkəzində trek qurmaq çətindir. Trek şəhərdən kənarda olanda orada işlər daha az olur. Biz isə şəhərin mərkəzini Formula 1 trekinə çeviririk. Bu əməliyyatları elə aparmalıyıq ki, insanlar narazı olmasın, qəza baş verərsə, bolidi çıxara bilək və sair. Pərdə arxasında işlərimiz kifayət qədər çoxdur. Artıq pilotlar yarışa başlayanda yarışın necə keçəcəyi sırf onlardan asılı olur. Keçən il pilotlar Bakı Şəhər Halqasını tanımırdılar deyə çox ehtiyatlı davranırdılar. Bu il yarış son dərəcə maraqlı oldu. Nəticələr, qırmızı bayraq, rekordlar, Sebastian Vettelin Luis Hemiltonu vurması və digər intriqalarla dolu bir yarış baş tutdu. Bakıdakı yarışı Formula 1 aləmində ilin ən yaxşısı adlandırırlar və deyirlər ki, bu cür yarış 2012-ci ildə Kanadada olub. Beynəlxalq mətbuatda haqqımızda yazılanlar, həm də ümumilikdə təşkilatçılıq, qonaqları məmnun yola salmaq baxımından gözlədiyimizdən də artığını edə bildik.

- Yeri gəlmişkən bu il qəzalar da çox oldu...

- Düzdür, həm sınaq yürüşlərində, həm də Formula 2 yarışı başlayanda dalbadal qəzalar baş verdi. Əziz Əliyev küçəsi çox mürəkkəb hissədir, trekimizin çətin olduğu bu il sübut olundu. Burada ötmələrə də yer var, builki bolidlər özləri daha genişdir, ona görə qəzalar da çox oldu.

- Çətin döngələrə görə pilotlar şikayətlənmir?

- Həm pilotlar, həm də izləyicilər üçün yarış nə qədər maraqlı olarsa, o qədər yaxşıdır. Çətin mübarizəni qazanmaq daha maraqlıdır. Rəqabət yarışa başqa ab-hava qatır.

- Formula 1-in Azərbaycan üçün əhəmiyyəti nə oldu? Bu yarış bizə nə verdi?

- 3 gün yarımlıq yarış günləri müddətində yarışa baxmağa gələnlərin sayı 71 min nəfərdən çox oldu. Bu, keçən illə müqayisədə 30 faiz artım deməkdir. “#AzerbaijanGP” həştəqi tvitter sosial şəbəkəsində 1-ci yerdə idi. Təsəvvür edin, yarış günləri ərzində nə qədər adam tvit yazıb, ritvit edib. Söhbət milyonlarla insandan gedir. Bu nəticə özü-özlüyündə uğurun göstəricisidir. Formula 1 növbəti turist axınına səbəb olur. 65 ölkədən bilet alınmışdı, birinci yerdə Rusiya, ikinci pillədə Böyük Britaniya idi, növbəti yerlərdə Almaniya, Niderland, Ərəb ölkələri dayanırdı. Ölkəmizə gələn insanlar varlı təbəqəni təmsil edən insanlardır. Onlar burada restoranlara gedirlər, otellərdə qalırlar, hava yolları və sair xidmətlərimizdən istifadə edirlər. Bu, ölkəyə gələn pul deməkdir. Dünya mətbuatında çıxan yazıları və telekanallardakı reportajları, süjetləri bir yerə toplayırıq, böyük hesabatımız olacaq. Azərbaycan Qran Prisi 200 ölkədə yayımlandı, milyonlarla insan canlı yayımda yarışa baxdı. Sky Sports, Channel 4 kimi dünya telekanalları canlı yayımdan başqa ayrıca reportajlar da hazırladılar. Adını çəkdiyim kanallarda 30 saniyəlik reklam yerləşdirmək milyonlarla dollara başa gəlir. Amma bu kanallar Qran Priyə görə maraqlı süjetlər yayımladılar. Təbliğat baxımından Formula 1 Bakını tamamilə başqa bir səviyyəyə qaldıracaq tədbirdir. Bundan başqa, Bakı Şəhər Halqasında çoxsaylı dünya brendləri təmsil olundu.

- Bəs trekin şəhərdən kənara köçürülməsi məsələsi nəzərdə tutulub?

- İndiki mərhələdə o nəzərdə tutulmayıb. Çünki yarışı keçirməkdə əsas məqsəd Bakıya turist cəlb etmək və paytaxtı göstərmək, ölkəni tanıtmaqdır. Əgər bu avtoidman nə zamansa inkişaf edərsə, dövlət rəhbərliyi və qurumlarda ayrıca trek tikmək ideyası yaranarsa, onda mümkün ola bilər. Ayrıca trek tikmək və onu olduğu kimi saxlamaq investisiya tələb edən layihədir. Bizdə isə o böyüklükdə azarkeş ordusu yoxdur ki, ayrıca trek tikilsin.

- Pilot hazırlığı necədir, o da sponsordan asılıdır?

- Əlbəttə, pilot hazırlığı sırf sponsordan asılı bir şeydir. Formula 1 bir az fərqlidir. İstənilən digər idman növündə hansısa gənc öz qüvvəsi ilə Olimpiya çempionu ola bilər. Formula 1-ə mütləq sərmayə lazımdır. Bəlkə də dünyada istedadlı pilotlar çoxdur, amma cəmi 20 nəfər gəlib Formula 1-ə çata bilir. Hələ ki yeganə pilotumuz Gülhüseyn Abdullayevdir. O, Formula 3, Formula 4 yarışlarında iştirak edir, pilotumuzun Formula 1-ə çatması zaman alacaq. Bayaqkı suala qayıtsaq, Formula 1 ölkəmiz üçün böyük fürsətlər açır. Sadəcə olaraq aidiyyatı qurumlar birləşib bu layihədən faydalanmalıdırlar. Biz çalışdıq ki, insanlara çox narahatlıq yaratmayaq. Bu il hazırlıqlara, tikinti işlərinə daha az vaxt sərf olunmuşdu, keçən il asfalt qatını yeniləyirdik, bu il o işlər görülmürdü. Ötən il istifadə olunan bütün baryerləri, qurğuları bu il təzədən quraşdırdıq. Əlavə heç bir sərmayə yatırmadıq, sadəcə nə isə xarab olurdusa, onu düzəldirdik. Bu il gördüyünüz tribunalar gələn il də istifadə ediləcək, baryerlər anbara aparıldı, növbəti il yenə quraşdırılacaq. Narahatlıq nəqliyyatla bağlı oldu, piyadaların hərəkəti üçün isə heç bir problem olmadı, insanların rahatlığı üçün əlavə körpülər tikdik. Yolla bağlı narahatlığa görə insanlardan üzr də istəyirik, amma komandamız səmimi inanır ki, bütün bunlar bizim faydamız üçündür.

Ümumilikdə trek üçün, müğənnilərə xərclənən pul da daxil olmaqla, bu il nə qədər büdcə nəzərdə tutulmuşdu?

- Rəqəmləri heç vaxt açıqlamırıq. Bizim işimiz təşkilatçılıqdır. Yəqin ki, Gənclər və İdman naziri Azad Rəhimov müəyyən mərhələdə bunu açıqlayacaq.

- Bəs əyləncələrin təşkili, Bakıya dəvət edilən dünya ulduzları hansı qurum tərəfindən seçilir? Hansı kriteriyalar əsas götürülür?

- Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən seçilir. Çalışırıq ki, həm büdcəmizə uyğun, həm də ölkədə sevilən ulduzlar olsun. Baxın, Tarkan, “The Black Eyed Peas” qrupu və Nikol Şerzinger, Meraya Keri - tamamailə fərqli ulduzlar dəvət edilmişdi.

- Sanki daha çox Tarkanın konsertində coşğu vardı...

- Məncə, coşğu ikinci konsertdə “The Black Eyed Peas” qrupu və Nikol Şerzingerin konsertində oldu. “The Black Eyed Peas” auditoriya ilə o qədər möhtəşəm işlədi ki. Professional şəkildə insanları tam ələ ala bildi. Tarkanı yerli əhali çox sevir, ruslar onu bəyənirlər, ona görə onu dəvət etmişdik. Meray Keri dünya divasıdır, onun mahnıları ilə böyüşümük, çalışdıq ki, elə müğənnilər seçək ki, həm avropalılar, həm ruslar, həm də bizə maraqlı olsun.

- PR (İctimaiyyətlə Əlaqələr) ənənəsi son zamanlar genişlənsə də, hələ də Azərbaycanda bir çox şirkətlər piara pul xərcləmək istəmir. PR mütəxəssisi kimi fərqli spektrlərdə çalışmışmınız, Sizcə, təbliğat olmadan bazarda yer tutmaq, hansısa məhsulu, şirkəti tanıtmaq mümkündürmü?

- PR-ı çox sevirəm, mənim əsas sahəm olub. PR-ın əhəmiyyəti gündən-günə artır. Artıq ənənəvi mediadan başqa sosial media da genişlənib. Hər bir şirkət özünü təqdim etməyi bacarmalıdır. Vaxtilə Bill Qeyts demişdi ki, son 1 dollarım olsaydı, onu piara xərcləyərdim. Şirkətin reputasiyası, özünü təqdim etməsi çox önəmlidir. Hesab edirəm ki, istənilən şirkətdə böhran kommunikasiyası olmalıdır, xüsusilə bizimki kimi böyük miqyaslı tədbir keçirilərsə, ictimaiyyətlə əlaqələr şöbəsi, təbliğat, piar menecerlərin olması şərtdir.

- Yunanıstanın Azərbaycandakı səfirliyində çalışmışınız, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat katibi vəzifəsini icra etmisiniz. Eyni zamanda telekom sahəsində PR mütəxəssisi kimi işləmisiniz. Birdən-birə tamamilə fərqli sahəyə keçid etdiniz. Təklif necə gəldi və dəyərləndirmək çətin olmadı?

- Formula 1 üçün təklif gələndə məni o, çox maraqlandırdı, çünki hansısa məhsulun Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri olaraq Azərbaycanın, Bakının və böyük tədbirin qlobal səviyyədə və yerli insanlar üçün kommunikasiyasını qurmalı idim. Bu, son dərəcə məsuliyyətli və maraqlı bir işdir. Xüsusilə keçən il, Azərbaycanda ilk dəfə keçirilən Formula 1 Qran Prisinin təşkilində töhfəmin olmasından çox məmnunam. Həm keçən il, həm də bu il gördüyümüz işin nəticəsini görəndə məmnunluq hiss elədim ki, bəli, biz bunu edə bildik. Bakının adını dünyanın ən mötəbər mediasında görəndə, daxili qürur hissim olur ki, bunu bacardıq. İşə təzə başlayanda başqa Qran Prilərə səfər edirdik, digər promoterlərlə təcrübə mübadiləsi aparırdıq. Mənə xüsusilə qürur verən bir fakt da odur ki, bizim komanda demək olar ki yerli mütəxəssislərdən ibarətdir.

- İmprovizələr işə yarayır?

- Əlbəttə, olur. Burada hər şey cəld baş verir, bir gün gecikmək olmaz. Sürətli qərar qəbul etməlisən, düşünməyə vaxtın yoxdur.

- Azərbaycanlı jurnalistlərlə işləmək asandır, yoxsa xaricilərlə?

- Hərəsinin özünəməxsus özəlliyi var. Azərbaycanlı jurnalistlərə necə yanaşmalı olduğumu bilirəm. Xaricilərlə münasibət çətin və məsuliyyətlidir. Onların kaprizləri olur. Xüsusilə Formula 1 üçün Bakıya gələn mətbuat nümayəndələri dünyanın 20 ölkəsində hər dəfə Qran Prilərə gedirlər, çox kaprizlidirlər. Elələri olur ki, Bakıya gəlməzdən qabaq paytaxtımız haqda müəyyən neqativ fikirlərə sahib olurlar. Sən o stereotipləri dağıtmalısan. Onların Bakıya gəlib valeh olduqlarını görəndə çox sevinirik .

- Niyə neqativdir ki?

- Fikirlər müxtəlifdir. Azərbaycan haqqında məlumatlı olmayanlar “bu ölkəyə Qran Pri lazımdırmı?”, “Fransaya gedib Qran Prisi izləyək” deyə düşünə bilər. Öncə də qeyd etdiyim kimi onların Bakıya gələndən sonra fikirlərinin dəyişdiyini görmək mənə xüsusi zövq verir. Bilirsiniz ki Formula 1 zamanı xaricdən çoxsaylı jurnalist gəlir və biz media mərkəzində elə şərait yaratmağa çalışırdıq ki, gəlib narazı qalmasınlar, görsünlər ki, hər şey Avropadan da artıq səviyyədədir. Yerli jurnalistləri daha professional olmağa, yönəltməyə çalışırıq. Onların daha dərininə getməyi bacarmalarını istəyirik.

- Bu il keyfiyyət dəyişikliyi hiss olundu?

- Bəli, bu il keçən illə müqayisədə dəyişiklik hiss olundu. Dəfələrlə treninqlər də keçirmişdik, keçən il bizim jurnalistlər soruşurdular ki, Bakını, mətbəximizi bəyəndinizmi? Bu il isə Formula 1-i öyrəniblər və daha detallı suallar verirdilər.

- PR menecer üçün vacib məqamlardan biri də böhran vəziyyətindən çıxışdır. Başınıza gələn böhranlı vəziyyət və ondan çıxış üçün nə etdiyinizi nümunə əsasında danışa bilərsiniz?

- PR direktorsansa şirkətin kommunikasiyasını aparanda mütləq şəkildə “böhran vəziyyətində kommunikasiya” adlı sənədin olmalıdır. Mən telekompaniyada çalışanda bir dəfə avadanlıq işləmədiyindən şəbəkəmiz 24 saat çalışmadı. Bilirsiniz ki, telekomun verdiyi əsas xidmət onun şəbəkəsidir. Əgər hansısa mobil operatorun şəbəkəsi 24 saat ərzində tutmursa, abunəçi kartı atıb, gedib başqasını alacaq. Heç bir şəxs oturub şəbəkənin düzələcəyini gözləməyəcək, bu cür hadisə gün ərzində minlərlə abunəçinin itirilməsi ilə nəticələnir. Şəbəkəmizdə problem olduğunu gecə bildik, rəhbərlik olaraq təcili şəkildə bir araya gəldik və qərar verməyə başladıq. Səhər saat 8:00-dan etibarən kommunikasiyanı aparmağa başladım. Bir saatdan bir press-relizlər yayırdıq ki, filan səbəblərə görə şəbəkəmiz işləmir, üzərində çalışırıq, yaxın saatlarda düzələcək. Biz insanlara açıq şəkildə vəziyyəti başa salmağa çalışdıq ki, insanlarda simpatiya yaransın, problem var və biz onu həll etməyə çalışırıq.

- Susmaq, problemi inkar etmək, jurnalistlərin suallarından yayınmaq əks effekt verə bilər...

- Bəli. Mütləq şəkildə problemin olduğunu deyib onun həllinə çalışdığımızı bəyan etmək, əks tədbirlər görmək lazımdır. Abunəçilərimizə bonuslar verildi. Bunun kommunikasiyası çox önəmlidir. Sən bonus verə bilərsən, ancaq insanlar bundan xəbərdar olmaya bilər. Bunu camaata elə təqdim eləməlisən ki, xəbərdar olsunlar. Problem həll olunandan sonra abunəçilər arasında bazar araşdırması apardıq ki, görək nə qədər adam bizdən şikayət edib. Çox maraqlı idi ki, demək olar heç kəs şikayətlənməmişdi. Onlardan soruşanda ki, bu vəziyyəti necə qəbul etdiniz? Deyirdilər ki, adamın evində televizor xarab ola bilər. Biz kommunikasiyanı düzgün qurmasaydıq, əks nəticənin şahidi olardıq. Formula 1-lə bağlı da bizim böhran vəziyyətində kommunikasiya adlı böyük sənəd hazırlamışdıq. Bütün aidiyyatı, o cümlədən dövlət qurumlarının mətbuat şöbələri ilə treninq keçirdik. Qəza baş verərsə, nə edəcəyimizi müəyyənləşdirdik. Dəqiqləşdirdik ki, nə isə olarsa, 1 saat ərzində yığışmalıyıq, filan mətnləri yaymalıyıq. Hansı növ problem çıxacağı barədə müzakirələr apardıq, təbii fəlakət və ya yeməklə bağlı problem olarsa, hansı zaman çərçivəsində və nə cür bəyanat yaymalıyıq? Bütün bunlar planlaşdırılmışdı. Nə yaxşı ki, böhranlı vəziyyət olmalıdır. Ancaq PR-la məşğul olan şəxs hər şeyə hazırlıqlı olmalıdır.

- İş qrafikiniz gərgindir, yorulmursunuz, yarış günləri üzünüzdən yuxusuzluq, yorğunluq hiss edilirdi...

- Saat 7:00-dan gecəyədək iş başında idik. Media mərkəzi sonuncu jurnalist gedənə qədər işləyirdi. Söhbət fiziki olaraq yorğunluqdan getmir, məsuliyyət hissi adamı gərginləşdirirdi. Biz həm mətbuatla işi qurmalı, həm bilet satışı üçün kampaniyalar aparmalı, həm şəhərin bəzənməsi kimi bir çox əməliyyatları həyata keçirməli idik. Şəhərin hər nöqtəsində bayraqlar, Formula 1 elementlərinə diqqət yetirirdik. Əlbəttə, keçən illə müqayisədə bu il hər şey daha planlı və rahat idi, çünki biz Formula 1 və Beynəlxalq Avtomobil Federasiyasının qaydalarına artıq bələd idik. Bu il yarışın sonuncu günü bulvarda gəzirdim, hamı sevinirdi, əyləncəyə qatılırdı, fikirləşirsən ki, doğrudanmı edə bildik, nə yaxşı hamı razıdır. Nələr ki bəyənilmədi, çalışırıq, növbəti ildə onları nəzərə alaq. Ailəli qadın üçün bu cür tempdə və rejimdə çalışmaq çətindir. Mənim 2 oğlum var, sadəcə olaraq işimi elə qurmağa çalışıram ki, ailəmə də vaxt ayırım. Yarış ərəfəsində işlə yüklənirəm, yarış başa çatandan sonra ailəmə qapılıram. Bilirəm ki, 1 ay sonra yenə həmin ritm başlayacaq. Biz daim səfərdə oluruq, Qran Prilərə gedirik.

- Həyat yoldaşınız, uşaqlarınız sıx qrafikinizdən narazı deyil?

- Həyat yoldaşım mənə çox dəstək olur, səfərlərdə məni müşayiət edir. Fikirlərimi onunla bölüşürəm və məsləhətlərinə qulaq asıram. Bir-birimizi başa düşməyə çalışırıq. O da görür ki, bacardığım qədər ailəmlə olmağa çalışıram, əlavə tədbirlərə dəvət olanda getmirəm.

- Son günlərin müzakirə mövzularından biri rus bölməsinin qapadılması ilə əlaqədar təkliflərlə bağlıdır. Siz bu barədə nə düşünürsünüz?

- Hesab edirəm ki, indiki zəmanədə insan nə qədər çox dildə danışa və düşünə bilərsə, o qədər yaxşıdır. Rus bölməsini ləğv etməklə müsbət nəticə almayacağıq. Əksinə gərək rus dili ilə yanaşı ingilis bölmələrini də çoxaldaq. Cəmiyyət qapalı olarsa, heç də yaxşı nəticə əldə etmərik. Onsuz da seçim azaddır. Sırf Azərbaycan dilində təhsil verməklə rus bölməsində təhsil fürsətini uşaqların əlindən almaq fikri ilə razı deyiləm. Özüm Azərbaycan bölməsini bitirmişəm, lakin valideynlərim məni rus klassiklərini rus dilində oxumağa məcbur edirdilər. Ona görə rus dili ikinci dilim sayılır.

- Övladlarınız hansı bölmədə təhsil alır?

- Kiçik oğlum hələ məktəbə getmir. Böyük oğlum ingilisdilli məktəbdə oxuyur. Ana dili Azərbaycan dilidir, buna diqqət yetirirəm, çalışıram ingilis və rus dilini də bilsin, hansı ölkəyə getsə, özünü rahat hiss eləsin. Əsas məqsədim odur. Əlbəttə, öz kökünü bilməlidir, bizim maraqlarımızı qorumalıdır, ancaq hər yerdə özünə həyat qurmağı bacarmalıdır.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər