13 İyul 2017 17:19
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyaya daxil olmuş müraciətlərin araşdırılması artıq başa çatıb.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

V. Səfərli bildirib ki, meyarlara tam uyğun gəlməyən şəxslər, əsasən jurnalistikaya aidiyyəti olmayan müxtəlif peşə sahibləri siyahıdan çıxarıldıqdan sonra qalmış 1000-ə yaxın şəxsin namizədliyi müzakirə edilib və ilkin olaraq 255 iddiaçının adı müəyyənləşib.

"Komissiya dövlət başçısının jurnalistlərə hədiyyəsi olan mənzillərin bölgüsündə hər hansı subyektivliyə yol verilməməsi üçün əvvəlcədən bəyan edilmiş şərtlərə ciddi riayət olunmasına qərar verib. Bunun nəticəsi olaraq üzərində həbs olan, rəhbərlik etdiyi və ya çalışdığı KİV-in adı Mətbuat Şurasının “qara siyahı”sında keçən, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV əməkdaşlarının müraciətləri nəzərə alınmayıb. Eyni zamanda regionlarda işləyən, sənədlərində ciddi çatışmazlıqlar olan və digər səbəblərə görə şərtlərə uyğun gəlməyən şəxslər müzakirədən kənarlaşdırılıb" deyə, V. Səfərli qeyd edib.

Həmçinin, aidiyyəti orqanların xəbərdarlıqlarının müddət limitinin müəyyən olunması, həmin dövr ərzində qanunun tələblərini təkrar pozmayan KİV-lərin siyahıdan çıxarılması barədə qərar qəbul olunub.

Komissiya sədri onu da deyib ki, eyni yerdə 3 il fasiləsiz iş stajı kriteriyası redaksiyalardan daxil olan təqdimatlara aid edilib: "Fərdi qaydada olan müraciətlərə isə bu tələb şamil olunmayıb".

V. Səfərlinin sözlərinə görə, açıqlanacaq siyahı media ictimaiyyəti üçün xeyli sürpriz vəd edir: " Siyahıda çoxlu sayda medianın inkişafında danılmaz əməyi olan qocaman jurnalistlərin, müasir jurnalistikanın tanınmış qələm sahiblərinin, jurnalist ailələrinin, vəfat etmiş KİV nümayəndələrinin ailə üzvlərinin adları var".

Komissiya sədri deyib ki, bir sıra hallarda daxil olmuş sənədlərdə zəruri məlumatların saxtalaşdırılmasına da rast gəlinib: "Onların sırasında iş stajının süni şəkildə artırılması və bu məqsədlə əmək kitabçasına yanlış məlumatların daxil edilməsi, mənzil şəraiti və ailə tərkibi barədə düzgün məlumatların verilməməsi və s. məsələlər vardır. Belə hallar da müşahidə olunub ki, müraciət müəllifləri müxtəlif illərdə, o cümlədən 2017-ci ildə özünün və ailə üzvlərinin adına olan mənzillərlə bağlı alqı-satqı və bağışlama əməliyyatları keçiriblər və hazırda evsiz olduqlarını göstərməyə çalışıblar. Belə hallar müəyyən edildikdə, həmin şəxslər siyahıdan çıxarılıb".

V. Səfərli ölkə başçısının jurnalistlərin mənzil məsələsi ilə bağlı xüsusi tapşırıqlarının olduğunu da deyib: “Cənab Prezident jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı subyektiv yanaşmaya, xüsusilə də qeyri-qanuni əməllərə yol verilməməsi barədə ciddi tapşırıq verib. Tapşırığa əsasən, təqdimat verən şəxslərin – KİV-lərin, dövlət orqanlarının və s. qurumların rəhbərlərinin şəxsi mənafedən çıxış etməsi və neqativ əməllərə yol verməsi təsdiqini taparsa, onların təqdimatları ləğv ediləcək və özləri barədə ciddi cəza tədbirləri görüləcək”. Qeyd edilib ki, Prezident İlham Əliyev siyahıda dövlət orqanlarından daxil olan təqdimatların kəskin azaldılmasını və həmin mənzillərin ehtiyacı olan KİV əməkdaşları arasında bölünməsini də tapşırıb.

“Ümumilikdə isə, gərgin iş nəticəsində bütün namizədlər hərtərəfli araşdırılıb və ən layiqli şəxslər seçilərək siyahıya daxil edilib”.

Komissiya sədri bildirib ki, bu siyahı həqiqətən də jurnalist ictimaiyyətinin müsbət qiymətləndirməsinə layiqdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər