– Asim bəy, iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşü necə qiymətləndirirsiniz?
– Bu görüş növbəti nəticəsiz bir görüşdür. Çünki beynəlxalq təzyiqlər ancaq Ermənistanın danışıqları bərpa etməsinə yönəlib. Heç kim Ermənistanı törətdiyi cinayətlərə görə günahlandırmır. Bu səbəbdən növbəti görüş də nəticəsiz başa çatdı və mənə elə gəlir ki, köklü dəyişikliklər olmasa, beynəlxalq təşkilatlar təcavüzü həyata keçirən ölkəyə qarşı müvafiq addımlar atmasa, bu oyunlar davam edəcək.
– Nazirlərin görüşündə sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində yeni görüşün keçirilməsinə dair razılıq əldə olunub...
– BMT, digər beynəlxalq təşkilatlar uşaq qatillərinin qarşısını almaq üçün ciddi addımlar atmalıdırlar. İki yaşlı uşaq, digər mülki əhali məhz Ermənistanın cinayətlərinin qurbanlarıdır. Bu cinayətlər dünyanın gözü qarşısında həyata keçirilir, Azərbaycan ərazisinin böyük bir hissəsi işğal altındadır. Lakin Ermənistana qarşı BMT tərəfindən hansısa ciddi qərarlar qəbul edilmir. Qəbul edilən qərarların icrası ilə bağlı da uzun illərdir hansısa irəliləyiş qeydə alınmır. Mənə elə gəlir ki, BMT bu məsələnin həlli istiqamətində çox ciddi dəyişiklik etməlidir. Əks təqdirdə cinayətlər davam edəcək.
– Həmsədrlər görüş zamanı ilin sonunda prezidentlər arasında görüşün təşkili üçün öz köməklərini təklif ediblər. Sizcə Ermənistanın təxribatları davam etdikcə belə bir görüşə ehtiyac varmı?
– Mən hazırda bunun üçün ehtiyac görmürəm. Prezidentlərin görüşü üçün müəyyən hazırlıq getməlidir. Masa üzərində hansısa təkliflər olmalıdır. Lakin biz görürük ki, Ermənistan beynəlxalq təşkilatların verdikləri təkliflərdən hər zaman yan keçir, yaxud danışıqlar prosesini pozur və ya yeni cinayətlər törədir. Mənə elə gəlir ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın siyasəti ilə bağlı müəyyən qərarlar qəbul etməlidir. Belə qərarlar olmadıqca bu görüş növbəti nəticəsiz görüş olacaq.
– Bu günlərdə, həmçinin, ATƏT Xarici İşlər Nazirləri Şurasının Avstriyanın Mauerbax şəhərində qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan nümayəndəsi çıxış edərək bildirib ki, Ermənistan ordusu işğal olunmuş ərazilərdən çıxarılmadan gərginliyin aradan qaldırılması problemi həll etməyəcək…
– Bəli, mən də düşünürəm ki, bu gün BMT, ATƏT tərəfindən yalnız bir məsələ – BMT Təhlükəsizlik Şurasının 25 il bundan əvvəl qəbul etdiyi qətnamələrin icrası və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi qaldırılmalıdır. Həmin təşkilatların gündəmində məhz bu məsələ olmalıdır. Bundan sonra hansısa ciddi danışıqlar, hansısa nəticələr ola bilər. Beynəlxalq təşkilatlar bu məsələyə hüquqi prizmadan yanaşmayanadək Ermənistan hər cür cinayətlər törədəcək və bu cinayətlərin qurbanları günahsız uşaqlar, yaşlı insanlar, mülki əhali olacaq.
– İyulun 10-11-də Kot d İvuarın Abidcan şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyası çərçivəsində Azərbaycanla bağlı mühüm qətnamələrin qəbul edilməsini, ölkəmizə verilən dəstəyi necə qiymətləndirirsiniz?
– Biz hər bir dəstəyə görə minnətdarıq. Lakin biz istərdik, bu dəstək digər beynəlxalq təşkilatları konkret addımlar atmağa vadar etsin. Bu addımlar atılmadığı üçün yaranan hüquqi nihilizm, beynəlxalq hüquqa hörmətsiz yanaşma hər zaman yeni qurbanlara səbəb olur.
– Asim bəy, bu günlərdə Rusiya və Ermənistan sərhəd qurumlarının İranla sərhəddə keçirdiyi təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində baş tutduğu qeyd olunub. Yalnız Azərbaycan tərəfinin müraciətindən sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti yaydığı məlumatda dəyişiklik edilib. Belə bir halın baş verməsini necə qiymətləndirirsiniz?
– Mənə elə gəlir ki, bu artıq açıq-aşkar Ermənistanın öz müstəqilliyini itirdiyini göstərir. Ermənistan silahlı qüvvələri məhz Rusiyanın nəzarətindədir, Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir. Beynəlxalq ictimaiyyətin diqqəti bu məsələyə cəlb olunmalı və Ermənistanın sahiblərindən soruşulmalıdır ki, onların silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var?!
– İyulun 18-19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu formatda keçirilən görüşlər sözügedən ölkələrə nə verir?
– Mən bu formatların mövcudluğunu müsbət qiymətləndirirəm. Həm Azərbaycan-Gürcüstan-Türkiyə, həm də Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığı təbiidir və biz çox istərdik ki, bu format daha da genişlənsin. Bu formatda artıq bir neçə görüş keçirilib. Ümidvaram ki, bunun ardınca digər səviyyəli, çoxşaxəli münasibətlərin formalaşdırılması istiqamətində addımlar atılacaq. Bu formatlara böyük ehtiyac var. Çünki bu formatlar regional sabitliyə, beynəlxalq layihələrin inkişafına və əməkdaşlığa zəmin yaradır.