14 İyul 2017 11:41
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səlminaz Quliyevanın vəziyyəti yaxşıdır, müalicəsi stasionar şəraitdə davam edir.

Bu sözləri Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov Teleqraf.com-a deyib.

Onun sözlərinə görə, Səlminaz Quliyevanın müalicəsi həkim nəzarətindədir: “Milli Məclis sədrinin birinci müavini Bahar Muradova deputat qrupu ilə gəlib yaralıya baxdılar, baş çəkdilər, tövsiyələrini verdilər. Nə ehtiyac, nə kömək lazım olduğunu soruşdular.

Xəstə çoxsaylı qəlpə yaraları alıb ki, bu yaralar digər yaralardan, bıçaq yarasından fərqlənir. Qəlpə yarasında zədədən əlavə əziklər də olur. Həm bədəni yaralayır, dağıdır, həm də əzir. Kontuziya olduğu üçün yaralara yaxın orqanlarda ağrıları olur. Bu səbəbdən xəstənin müalicəsi ağrılar sakitləşənə kimi stasionar şəraitdə aparılacaq.

Hələlik xəstənin konkret nə vaxt evə buraxılacağını müəyyənləşdirə bilməmişik. Ümumilikdə hər şey yaxşıdır və müalicə qaydası üzrə davam edir”.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.


Müəllif: Şəfiqə Nazimqızı