14 İyul 2017 12:41
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici sularda fəaliyyətini genişləndirir.

Teleqraf.com xəbər verir ki, AXDG “Professor Əziz Əliyev” adında daha bir gəmini Xəzərdən kənarda istismar edəcək.

Gəmi Rusiyanın Nijni Novqorod şəhərində tikilib. Ən son tələblərə cavab verən tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 141, eni 16,7, suya oturumu 4,2, bortun hündürlüyü 6 metrdir.

Qara dəniz, Azov dənizi, Aralıq dənizi hövzələrində yükdaşıma əməliyyatları zamanı istismar olunacaq “Professor Əziz Əliyev” gəmisinin 14 nəfərlik bütün heyəti azərbaycanlılardan ibarətdir.

Rusiya Təsnifat Cəmiyyətinin nəzarəti altında tikilən və istismar ediləcək gəminin təhlükəsiz idarəetmə sistemi isə Amerikanın “ABS” (Amerika Gəmiçilik Bürosu) şirkətinə məxsusdur.

Bununla belə, tankerin fəaliyyətinə Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ötən il Türkiyədə təsis etdiyi “Casptankers” şirkəti nəzarət edəcək.

“Professor Əziz Əliyev” gəmisi artıq ilk səfərini edib. Bu gün tanker Tuapse limanından Bolqarıstana doğru yol alıb.

Xatırladaq ki, “Professor Əziz Əliyev” gəmisi AXDG-nin uzun fasilədən sonra Qara dənizdə istismar etdiyi ilk tankerdir. İndiyədək gəmiçiliyin xarici sularda üzən 10 gəmisi quru yüklər daşıyırdı.

Onu da deyək ki, Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda fəaliyyəti uzun müddətdən sonra 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər