14 İyul 2017 14:22
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

34 yaşlı Kəmalə Bəkirovanın ölümü ilə bağlı xəbəri ürək ağrısı, üzüntü ilə oxudum. Hələ də düşüncələrdə dəyişiklik etmək üçün aydınlarımız çox çalışmalıdır, üzməyin, suçlamayın, ölümə məcbur etməyin.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva Şamaxı rayon sakini 34 yaşlı Bəkirova Kəmalənin həkimlərin qadağasına rəğmən oğlan övladı dünyaya gətirərkən həyatını itirməsi barədə danışarkən deyib.

“Bu hadisədən üzüntü hissi ilə bəzi insanlara, atalara, nənələrə, babalara üz tutaraq demək istəyirəm ki insanlıq, şərəf, namus, əxlaq cinsiyyət məsələsi deyil, şəxsiyyət məsələsidir. Övladın yaxşısı və pisi var. Ata-ana üçün, Vətən üçün, millət üçün, insanlıq üçün yaxşı və pis övlad. Əsas məsələ qız və ya oğlan olması deyil, onun necə bir övlad, insan olmasıdır. Əsas buna diqqət edin və yaxşı övlad yetişdirməyə çalışın. O doğulan övlad, ana bətnindəki övlad sizin birgə övladınızdır. Mən doğulanda qızı üçün sevinməyən, amma sonradan həmin qız üçün yaradana hər gün şükür edən çox ailələr gördüm. Elə oğul da gördüm ki, belə övladdansa olmasaydı, dediyim oldu. Elə qızlar da gördüm ki yüz oğula bərabər. Artıq yetər! Bu zehniyyətdən xilas olaq. Birinci və ikinci sinif cins yoxdur! Oğul da, qız da övladdır! Övlad!”-deyə deputat vurğulayıb.


Müəllif: Nərgiz