Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsasən hazırlanan Tədbirlər Planının layihəsinin müzakirəsində Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən nazir Əbülfəs Qarayev Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı tədbirlər planı haqqında məlumat verərək, bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı ümumi koordinasiyanı məsul şəxslərə tapşırıb.
Nazir diqqətə çatdırıb ki, yubiley tədbirləri ilə bağlı komissiyaya 200-ə qədər təklif təqdim olunub və bunlardan yüzü qəbul edilib. Təqdim edilən layihələrlə bağlı bütün sənədlər bu ayın sonuna kimi hazırlanıb müvafiq dövlət strukturlarına təqdim edilməlidir.
Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçiriləcək, kitablar nəşr olunacaq, sənədli filmlər çəkiləcək. Bu əlamətdar tarix ilə bağlı müxtəlif dillərdə ümumi bir saytın yaradılması, bütün foto və videomaterialların, xəbərlərin burada yerləşdirilməsi də təklif olunub.