Bunu Teleqraf.com-a açıqlamasında birliyin rəhbəri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, Bakı şəhəri üzrə 65, Abşeron rayonundan 4, Xırdalandan 2, Sumqayıtdan 10 müraciət daxil olub. Digərlər müraciətlər isə regionlardandır: “Onlardan 26 nəfəri dəqiq ünvan göstərməyib. Təhlillər göstərir ki, ölkənin əksər rayon və şəhərlərindən müraciətlər var. Lakin bölgələr üzrə rəqəmləri araşdırdıqda bəzi rayonlardan müraciətlərin az, digərlərindən isə daha çox olduğu görünür. Bakı üzrə müraciətlərin sayına görə Binəqədi rayonu üstünlük təşkil edir. Bu rayondan bu ilin ilk 6 ayı ərzində daxil olan müraciətlərin sayı 21 olub. Bunu isə bir sıra faktorlarla izah etmək olar. Belə ki, Binəqədidə əhali sayının digər rayonlara nisbətən daha çox olması, sığınacağın bu rayon ərazisində yerləşməsi, polis-QHT əməkdaşlığının yüksək səviyyəsi, eləcə də maarifləndirmə nəticəsində problemə yanaşmadakı fərqlilik bu rayondan müraciətlərin sayının artmasını şərtləndirir”.
Mehriban Zeynalova qeyd edib ki, xarici ölkələrdən də müraciət edənlər olub: “Təşkilata xarici ölkə vətəndaşlarından da müraciət daxil olur ki, 6 ayda bu müraciətlərin sayı 5 olub. Müraciətlər daha çox hüquqi yardım, sənədlərdə yaranan problemlər, ailədaxili zorakılqıla bağlıdır. Qırğızıstandan 1, Gürcüstandan 2, Özbəkistandan 2 nəfər müraciət edib”.
Birliyin rəhbəri qeyd edib ki, məcburi köçkün rayonlarından müraciətlərin sayının azlığı da xüsusi qeyd edilməlidir: “Cəbrayıldan 2, Laçından 1 nəfər müraciət edib. Bu isə həmin rayonların qadın sakinlərinin nisbətən daha az problemlərlə qarşılaşdığı düşüncəsi yaratmaqla yanaşı, onların məlumatlılıq səviyyəsinin azlığı, sterotiplərə bağlılıq kimi səbəblərlə də izah oluna bilər. Bölgələr arasında müraciət sayına görə ilk üçlükdə Xaşmaz (10 müraciət), Gəncə (9 müraciət), Lənkəran (10 müraciət) yer alıb.
Mehriban Zeynalova bildirib ki, müraciət edənlərin 71 nəfəri rəsmi, 52 nəfəri qeyri-rəsmi nikahda olub. 14 nəfər erkən nikaha daxil olub. 44 subay, 25 boşanmış, 14 dul, 14 nəfər ailə vəziyyətini bildirməyib. Qeyri-rəsmi nikahların sayının 52 nəfər olması son illər ölkədə daha çox müşahidə edilən və narahatlıq yaradan nikahdankənar uşaqlar məsələsini də aktuallaşdırır. Müraciət edənlərin 14 nəfəri erkən nikahda olub ki, bu da ölkədə hələ bu problemin qaldığına işarədir”.
Birliyin sədri əlavə edib ki, problemlər həm hüququ, həm psixoloji, həm də tibbi yardım almaqla bağlı olub: “Məhkəmələrdə təmsilçilik, sənədlərin düzəldilməsi, əmlak bölgüsü kimi məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib. Zorakılığa məruz qalanlar arasında evdən qaçma hallarının da artmaqda olduğunu söyləmək mümkündür. Xüsusilə yeniyetmə qızlar arasında ailədə gördüyü qeyri-insani davranış səbəbilə evdən qaçdığını bildirənlər var. Bu hallar ciddi və hərtərəfli araşdırmalardan sonra hesabata daxil edilir. 95 zorakılıq, 20 təcavüz və insan alveri, 8 alimentin verilməməsi halı qeydə alınıb, 97 müraciət müxtəlif problemlərlə bağlıdır”.
Qeyd edək ki, 125 nəfər öz istəklərinə müvafiq olaraq “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyində sığınacağa yerləşdirilib.