18 İyul 2017 21:33
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə yeni tədris proqramları (kurikulum) əsasında hazırlanması planlaşdırılan Azərbaycan dili, rus dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya fənlərindən vəsaitlərin təklif olunan müəllif qrupları arasında görüş keçirilib.

DİM-dən Teleqraf.com verilən məlumata görə, görüşdə M. Abbaszadə bildirib ki, artıq 9 ildir respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir.

Sədr standartlara uyğun yeni dərs vəsaitlərinin hazırlanmasının vacibliyini iştirakçıların diqqətinə çatdırıb.

İclasda “müəllif qrupları” ilə yeni dərsliklərə uyğun müasir standartlara cavab verən dərs vəsaitlərinin hazırlanması, onların strukturu məsələsi geniş müzakirə edilib.

İclas iştirakçılarına müxtəlif siniflərdə tədris olunan mövzular üzrə materialların şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılması üçün DİM tərəfindən hazırlanmış “video-dərs” nümunələri təqdim olunub. Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının əhəmiyyəti və üstünlükləri müəlliflər tərəfindən də qeyd olunub.

İclasın sonunda “müəllif qrupları” yeni dərs vəsaitlərinin hazırlanması ilə bağlı öz təkliflərini səsləndirib. Qərara alınıb ki, hər bir fənn üzrə ekspertlərin ayrıca görüşləri keçirilsin və yeni tədris standartlarına (kurikuluma) uyğun dərs vəsaitlərinin hazırlanmasına başlanılsın.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər