19 İyul 2017 14:10
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metropoliteninin vaqon parkında qatarların modernləşdirilməsi istiqamətində əhəmiyyətli yeniliklər sırasına daha biri əlavə olunub.

Bakı Metropoliteni QSC-dən Teleqraf.com-a verilən məlumata görə, istismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə bundan sonra keyfiyyəti ilə seçilərək daha da yaxşılaşdırılacaq. Bu məqsədlə artıq qatarlarda mövcud radiostansiya qurğularının yeniləri ilə əvəzlənməsinə başlanılıb.

Qeyd edək ki, hərəkətin təşkilində, nizamlanmasında və bununla hərəkətin təhlükəsizliyinin təmin edilməsində elektrik qatarı maşinisti ilə dispetçerin əlaqəsi mühüm əhəmiyyət kəsb edir. Çünki qatar dispetçeri metropoliten xəttində sərnişin qatarlarının hərəkətinə rəhbərlik edir, qatarların hərəkət qrafikinin yerinə yetirilməsinə cavabdehlik daşıyır. Məhz onun qərarı və verdiyi göstərişlər sayəsində qatarların nizamlı hərəkəti təmin edilir.

Qatarların maşinist kabinasında quraşdırılan yeni RVS tipli radiostansiyalar, səs gücləndiricilər və radioinformatorlar 1978-ci ildən istismarda olan əvvəlki analoqları ilə müqayisədə keyfiyyəti və yüksək standartlara cavab verməsi ilə seçilir.

Hazırda əvəzlənməkdə olan RTM tipli radiostansiyaların istismardan çıxarılmasına zərurət onların istehsalının dayandırılması, ehtiyat hissələrinin tapılmaması ilə yaranmışdı. Bu isə avadanlığa qulluğun hədsiz dərəcədə çətinləşməsinə gətirib çıxarmışdı. Ən əsası, dispetçerlə əlaqənin keyfiyyətinin də xeyli aşağı düşməsinə səbəb olmuşdu.

Yeni avadanlıq yığcamlığı, sadəliyi və qulluğunun asanlığı ilə seçilir. Onların quraşdırılması, sazlanması da çox vaxt tələb etmir. O, çoxkanallı olduğu üçün əlaqəni daha çeşidli və geniş şəkildə təmin etməyə imkan verir. Artıq yeni radiostansiya vasitəsilə maşinistlər dispetçerlə yanaşı, digər kanallardan birindən istifadə etməklə xətti məntəqədə təlimatçı-maşinistlə də müstəqil və daha rahat ünsiyyət qura bilirlər. Onu da əlavə edək ki, qatarların hərəkəti zamanı təlimatçılar qatar maşinistinin işinə nəzarət edir, onu yönəldir və müxtəlif vəziyyətlərdə ona kömək edirlər. Gələcəkdə xidməti tələbat yaranarsa, yeni radiostansiyanın digər kanallarından da istifadə edilməsi mümkün olacaqdır.

Bu avadanlıq qatarın hər iki başında maşinist kabinasında və onun idarəetmə şkafında quraşdırılır. Quraşdırma başa çatdıqdan sonra qatarlar yeni rabitə formatı ilə sınaqdan çıxarılaraq xəttə buraxılır.

İlkin olaraq, 52 belə radiostansiyanın quraşdırılmasına başlanılıb. Mərhələli şəkildə təmirə dayanan qatarların hər birində yeni sistemin quraşdırılması davam edəcək.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər