19 İyul 2017 14:18
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ərazisində yaşayan türkmənlərlə bağlı ciddi informasiya qıtlığı mövcuddur. Artıq tarixi türkmən şəhəri Mosul İŞİD işğalından azad edilib. İraq ordusu Telafer şəhərinə hücum hazırlayır. Məqsəd bu şəhəri də İŞİD-dən geri almaqdır. Bu prosesdə İraq ordusu və Şimali İraq Kürd Muxtariyyəti aktiv iştirak edir. Türkmənlərin hansı addım atdığı, hazırda onların durumunun nədən ibarət olduğu haqqında isə dəqiq informasiya yoxdur.

Bu fikirləri “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Teleqraf.com-a Türkmən elində yaşanan olaylara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Şimali İraq Kürd Muxtariyyəti sentyabrda müstəqillik referendumu keçirməyi planlayır: “Ərbilin yeni dövlət anlayışına qədim türkmən torpaqları da daxildir. Mərkəzi Bağdad hökuməti isə referenduma qədər bu torpaqları İŞİD-dən azad etmək və mərkəzi Bağdad hökumətinin idarəçiliyini bərpa etmək niyyətindədir. Beləcə qədim türkmən torpağına sahib olmaq uğrunda Ərbil və Bağdad arasında ciddi rəqabət gedir. Türkmənlərin isə hansı mövqedə olduğu barədə konkret informasiya yoxdur”.

Zəlimxan Məmmədli deyib ki, Mosul, Kərkük, Telafer və başqa şəhərlər daxil bu ərazilərin türkmənlərə aid olduğunu hər kəs qəbul edir. Onun sözlərinə görə, bu gün sözügedən ərazilər mübarizə meydanına çevrilib: “Daha çox kürd muxtariyyəti ideyasının müəllifləri bu ərazilərə iddia edir, məqsədləri burada türkmənlərin sayını mümkün qədər azaltmaqdır. Beləcə buraların türkmən şəhəri olmaq statusunu əlindən alaraq kürd şəhərinə çevrimək basqısı var. Kərkükün özünün kürdlərin olması təəssüratı var. Ancaq nəzərə almaq lazımdır ki, Səddam Hüseyn dövründən bu yana türkmənlər ciddi repressiyalara, təzyiqlərə məruz qalıb. Bu proses indi də davam edir. İraq açıq bir dövlətə və həm də ayrı-ayrı dövlətlərin maraq dairəsinə çevrilib. Burada ABŞ, Rusiya, İran, Türkiyə, Ərəb ölkələri aktiv fəaliyyət göstərir”.

Məmmədli qeyd edib ki, rəsmi Ankaranın zamanında buraxdığı bir xəta indi türkmənlər üçün ciddi problem yaradıb: “Zamanında Türkiyə və ABŞ İraq əməliyyatında eyni platformadan çıxış etməli idi. Şərtlər də münbit idi. ABŞ təklif edirdi ki, bu əməliyyat zamanı İncirlik hərbi bazasından istifadə edilsin, Ankaraya təzminatlar ödənsin və s. O zaman bu məsələni Ankara hökuməti demokratiyanın öhdəsinə buraxdı. Nəhayətdə Türkiyə parlamenti ABŞ-la birgə İraq əməliyyatında vahid blokdan çıxış etməkdən imtina etdi. Bundan sonra həm İraq, həm də Suriyada yaşayan türkmənlər üzərinə basqılar artdı. Həmin vaxt Türkiyə Şimali İraqdan, ABŞ ordusu isə Küveyt ərazisindən İraqa daxil olmalı idi. Əgər bu baş versəydi, tarixi türkmən torpaqları Türkiyə ordusunun nəzarətində ola bilərdi və indiki problemlər ortaya çıxmazdı. Ancaq bu baş vermədi, əvəzində Kərkükdə türkmənlərə qarşı qətliam baş verdi”.

Cəmiyyət sədri deyib ki, Türkiyənin gec də olsa, bu ərazilərdə aktivləşməsi müsbət addımdır: “Əlbəttə, İran Türkiyənin bu bölgəyə daxil olmasına qarşıdır. Çünki anlayır ki, Telaferdən başlayaraq İranın sərhəddinə qədər türkmən qolu var. Məncə, Türkiyə və Azərbaycanın humanitar yardım formasında türkmənlərin yanında olması vacibdir və bu gələcəkdə həmin ərazilərdə türkmən toplumunun mövcudiyyətinin saxlanılması baxımından əhəmiyyətlidir”.

Zəlimxan Məmmədli əlavə edib ki, artıq İraq parlamentində olan millət vəkilləri, ayrı-ayrı şəxslər və İraq Türkmən Cəbhəsi türkmənlərin muxtariyyəti ideyasını ortaya atıb: “Bu siyasi və hərbi mübarizədir. Fikrimcə, burada Türkiyənin çevik davranması lazımdır. Sonuncu türkmən ərazilərinin İŞİD-dən təmizlənməsi uğurdur. Türkiyənin diplomatik formada Şimali İraq Muxtariyyətinin referendum aktını dəstəkləməməsi, habelə İraq hökuməti ilə təmaslarını intensivləşdirməsi fikrimcə, alt qatlarda müəyyən razılaşmaların olmasına işarədir. Hesab edirəm ki, İraqda olan türkmənlər öz ata-baba yurdlarında ən azından muxtariyyət əldə etməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər