Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xəstələrin xaricə üz tutması əsas problemlərdən biridir:
"Əvvəllər bizim xəstələrin 40 faizi xaricə gedib qayıdanlar idisə, bu gün xəstələrin 95 faizi artıq xaricə getmir. Yerdə qalan insanların hansısa ölkəyə gedib müalicə almaq seçimi sərbəstdir".
Mircəlal Kazimi qeyd edib ki, digər problem meyitlərdən orqan köçürülməsi işinin təşkil edilməsidir:
"Bu, hazırda bizim ölkəmizdə mümkün deyil. Azərbaycanda ancaq qohum donorların orqanlarından istifadə olunur. Hazırda bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi məsələsi müzakirə olunur".
Şöbə müdiri əlavə edib ki, orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirib.